“Yeni müharibə Ermənistan üçün özünəqəsd olacaq" - FAKT BUDUR!

“Yeni müharibə Ermənistan üçün özünəqəsd olacaq Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına verdiyi geniş müsahibəsində ordu quruculuğu, təhlükəsizlik, Ermənistan-Azərbaycan münasibətləri, Laçın yolundakı ekoaksiya, Rusiyanın sülhməramlı kontingenti, Qərbi Azərbaycana qayıdış, Fransanın şər siyasəti və digər məsələlərlə yanaşı Zəngəzur dəhlizi ilə bağlı məsələyə də tam aydınlıq gətirildi. Dövlət başçısı birmənalı şəkildə bildirdi ki, Zəngəzur dəhlizi bizim üçün təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, bizim üçün strateji layihədir:

"Biz tam əminik ki, bunun reallaşması bizim təbii hüququmuzdur. Bundan əlavə, Zəngəzur dəhlizinin reallaşması 10 noyabr 2020-ci il üçtərəfli bəyanatda da öz əksini tapır. İndi Ermənistan bundan boyun qaçırmaq istəyir. Faktiki olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Ancaq bu bizi dayandırmayacaq”. Bununla da bədxah qüvvələrin Zəngəzur dəhlizi ilə bağlı spekulyasiyalarına son qoyuldu.

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov "Şərq"ə bildirib ki, Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu qədər konkret və prinsipial mövqe sərgiləməsi Ermənistanın özünə də, onun “bacı”sı Fransaya da, Zəngəzur dəhlizinə görə yuxularını qarışdıran İran mollalarına da açıq mesajdır. Partiya sədrinin sözlərinə görə, bu, bir daha onu göstərir ki, hazırda bölgənin gələcəyi, o cümlədən Ermənistanın özünün də gələcəyi ilə bağlı əsas şərtləri məhz Azərbaycan diktə edir:

"Azərbaycanın belə inamlı və qətiyyətli mövqe sərgiləməsi həm də ondan irəli gəlir ki, Zəngəzur dəhlizinin açılması təkcə ölkəmizin deyil, dünya güclərinin də maraq dairəsində olan məsələdir. Bu amil heç şübhəsiz ki, Azərbaycanın öz şərtlərini diktə etmək imkanlarını daha da artırır. Ona görə də Prezident İlham Əliyevin "Ermənistan istəsə də, istəməsə də bu, reallaşacaq", deyə qətiyyətli mövqe sərgiləməsi tam da anlaşılandır. Dövlət başçısının Zəngəzur dəhlizi və Qərbi Azərbaycanla bağlı səsləndirdiyi fikirlər Qərbi Azərbaycana qayıdış niyyətlərimizin də real xarakter daşıdığını göstərdi. Onun “Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik” bəyanatını verməsi də bütün bədxahlara, pessimistlərə, Azərbaycanın öz tarixi haqlarının bərpa edilməsinə yönəlik iddia və tələblərlə çıxış etməsini gözü götürməyənlərə dərs oldu. Beləliklə, İlham Əliyev Zəngəzur dəhlizi və Qərbi Azərbaycana qayıdışla bağlı bütün şübhələrə, qərəzli dəyərləndirmələrə nöqtə qoydu".

Ə.Hüseynov vurğulayıb ki, Prezidentini "Rusiya-Ukrayna müharibəsindən sonra yeni dünya nizamının yaradılması artıq labüddür” fikrini dilə gətirməsi göstərir ki, dövlət başçısı Zəngəzur dəhlizinin açılması və Qərbi Azərbaycana qayıdış perspektivlərimizi həm də strateji nöqteyi-nəzərdən, qlobal geosiyasi proseslər fonunda dəyərləndirir:

"Yeni dünya nizamı heç şübhəsiz ki, Azərbaycan üçün də olduqca əlverişli imkanlar aça bilər. Biz Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışının mümkünlüyünə həm də bu kontekstdən yanaşmalıyıq. Sözügedən müsahibəsində Prezidentin toxunduğu bir digər önəmli məqam isə Ermənistanla üçüncü müharibənin olmayacağını bəyan etməsi oldu. Çünki biz Ermənistanla məsələmizi böyük ölçüdə artıq həll etmişik. Yəni ki, İkinci Qarabağ müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunub. Xankəndidəki mülki ermənilərin gələcək taleyi ilə bağlı məsələ isə Azərbaycanın daxili işidir, bunun Ermənistana heç bir aidiyyəti yoxdur. Ona görə də Ermənistan tərəfi sülh üçün yaranmış fürsəti 2023-cü ildə boşa verməməlidir. 2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olmalıdır. Ermənistan hakimiyyəti anlamalıdır ki, sülh müqaviləsi qaçılmazdır. Bu, əslində Azərbaycan liderinin Ermənistana yönəlik növbəti humanist, sülhsevər xəbərdarlığıdır. Bu mənada, Prezidentin “Əminəm ki, üçüncü müharibə olmayacaq” fikrini dilə gətirməsi həm də Azərbaycanın sülh tərəfdarı olduğunu təsdiqləmək baxımından olduqca əhəmiyyətlidir".
Analitik əlavə edib ki, təhdidlər hələ tam aradan qalxmayıb və müharibədən sonra yeni təhdidlərlə üzləşmişik: "Ermənistanda revanşist çağırışlar səngimir, Xankəndidə isə separatçıların təxribatları davam edir. Ermənistana havadarlıq edən və Azərbaycana qarşı hərbi müdaxilə planları olan qüvvələr də boş dayanmırlar. Odur ki, Azərbaycan da tamamilə düzgün olaraq öz hərbi gücünü getdikcə artırır. Komando qüvvələrimizin tam formalaşması, Xüsusi Təyinatlı Qüvvələrimizin sayının ən azı iki dəfə artırılması uğurlu nəticələrdir. Həmçinin ölkəmizdə hərbi sənayenin inkişaf etdirilməsinin yeni dövrü başlayır. Bu da bizim həm müdafiə qüdrətimizi, həm də xarici ölkələrə silah ixracı imkanlarımızı qat-qat artıracaq. Ona görə də Ermənistanı kompassız gəmi kimi idarə edən, əvvəllər Rusiyanın qanadı altına sığınıb, indi isə Fransa, İran və Hindistanın “qucağında oturan” rəsmi İrəvan dərk etməlidir ki, Azərbaycan kimi qüdrətli hərbi-iqtisadi güclə hesablaşmamaq və yeni müharibəyə can atmaq Ermənistan üçün həqiqətən də özünəqəsd olacaq".

Oxşar xəbərlər