Azərbaycanı heç bir ölkə təhdidlə yolundan döndərə bilməz

Azərbaycanı heç bir ölkə təhdidlə yolundan döndərə bilməz Tarix boyu haqsızlıqlara, xarici güclərin təzyiqinə məruz qalan, parçalanmağa məhkum edilən Azərbaycan bütün bunlara rəğmən həmişə qonşu dövlətlərlə yaxşı münasibətlər qurmağa üstünlük verib. Eynilə, cənub qonşumuz olan İranla münasibətlərin normal saxlanması üçün ölkəmiz əlindən gələni edib. Halbuki Azərbaycanın dostluq, əməkdaşlıq əlini geri çevirən İranın bu günədək bizim üçün faydalı hər hansı bir addımını görməmişik. Hələ Birinci Qarabağ müharibəsi zamanı Ermənistanı açıq şəkildə dəstəkləyən, Azərbaycan ərzilərinin işğalına biganə yanaşan, Vətən müharibəsində qələbəmizi belə həzm edə bilməyən, son bir il ərzində sərhəddə təxribatlar törədən rəsmi Tehran indi də Zəngəzur dəhlizini bəhanə gətirərək Azərbaycana qarşı sərt bəyanatlarla çıxış edir. Özünü İslam dövləti adlandıran, gerçəkdə isə islamın əxlaq kodeksinə zidd əməllərlə ad çıxaran İranın riyakarlıq və yalançılıq xətti təkcə Azərbaycana qarşı münasibətində deyil, ümumilikdə bu dövlətin siyasi davranış konsepsiyasında yer tutur.
Vətən müharibəsində parlaq Zəfərə imza atan Azərbaycanın qələbəsini İranın həzm edə bilməməsinin çox səbəbi var. Rəsmi Tehran Azərbaycanın bölgədə güclənməsindən, söz sahibinə çevrilməsindən narahatlığını açıq şəkildə ifadə edir. Bir məqamı da vurğulamaq yerinə düşər ki, İran son 40 ildə qatıldığı heç bir müharibədə qalib olmayıb, “himayə etdiyi müsəlman ölkəsini” xaosdan çıxara bilməyib, əmin-amanlıq, sabitlik yaratmayıb. İndi isə məscidlərdə donuz saxlayan Ermənistana qucaq açması bir müsəlman dövləti kimi İrana başaşağılığından başqa bir şey gətirmir. Bütün bunların fonunda Azərbaycanla sərhəddə 30 ildə ilk dəfə irimiqyaslı hərbi təlimlərin keçirilməsi hərbi avantüra və səmərəsiz əzələ nümayişidir. Lakin cənub qonşumuz unutmamalıdır ki, Azərbaycan bütün təhdidlərin qarşısını almağa, bütün təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadirdir. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə çıxışı zamanı toxunduğu çox önəmli məqamlardan biri də ölkəmizin hüdudlarından kənarda yaşayan 40 milyondan çox azərbaycanlının ana dilində təhsilalma imkanından məhrum olması idi. Ölkə başçısı bunu vurğulamaqla məhz İranda yaşayan soydaşlarımızın ciddi problemlərini də bir daha gündəmə gətirdi. Prezidentimiz qeyd etdi ki, acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub-saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrinin kəsilməməsi üçün səylərimizi bundan sonra da davam etdirəcəyik. Bu, bir daha göstərir ki, Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri İrandakı soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin qorunmasıdır. İranın öz xalqına qarşı tərəddüdsüz silah işlədən, mürtəcə molla rejimi oradakı bütün insanların haqlarını tapdalamaqdadır. Beynəlxalq qurumlar artıq bununla bağlı İrana ciddi təsirlər göstərməlidir.
Samiyə Abdulkərimova -12 saylı şəhər poliklinikasının baş həkimi


Oxşar xəbərlər