30 ildir masalarda həllini tapmayan haqlı davamız hərb meydanında zəfərlə nəticələndi

30 ildir masalarda həllini tapmayan haqlı davamız hərb meydanında zəfərlə nəticələndi 27 Sentyabr 2020-ci il. Bu tarixdən etibarən Azərbaycanın hər bir vətəndaşının, qanında türk qanı axan hər kəsin ürəyi daha əzəmətlə, daha qürurla, daha vüqarla döyünür. Bu, əbəs yerə deyil. Bu, möhtəşəm zəfərimizdən doğan ali hisslərdir. Məhz həmin gün 30 illik xəyallarımız gerçəyə çevrilərək şanlı bir tarixin başlanğıcı oldu. Tarixə nəzər salsaq görərik ki, Azərbaycan xalqı çətin sınaqlarla üzləşmiş, itkilərə məruz qalmış, tarixi, əzəli torpaqlarının bir qismindən məhrum edilmişdir. Təbiətin bu xalqa bəxş etdiyi keyfiyyətlər daim irticaçı qüvvələrin diqqətini cəlb etmişdir. Buna baxmayaraq, qəlbimizdə olan ümidi, inamı söndürə bilməmişdilər. Tarixə qızıl hərflərlə yazılan haqq zəfərimizin memarları əbədiyaşar, ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı, qalib sərkərdə İlham Əliyevdir. Hər iki müqtədirin bütün addımları zəfərimiz üçün hesablanmışdı. Mən bu qələbədə ata-oğul, səriştə-iqtidar, zəka-güc birliyi görürəm. Bu gün Azərbaycan dünya arenasında daha qürurlu və başı dikdir.
30 ildir masalarda həllini tapmayan haqlı davamız hərb meydanında zəfərlə nəticələndi. Əməliyyatların məharətlə yerinə yetirilməsi, müvəffəqiyyətli döyüş taktikası, ən müasir texnologiyalar, mükəmməl peşəkarlıq və inamla aparılan mübarizə nəinki Ermənistanı bütövlükdə erməni faşizmini iflasa uğradaraq, dünya hərb tarixinə silinməyəcək yeni səhifə yazdı. Azərbaycan ərazi bütövlüyünü təmin etdi.Zəngəzur dəhlizinin açılması,Naxçıvan Muxtar respublikasının Qarabağın cənub torpaqları ilə əlaqəsinin bərpası bu uğurların ən başında duran qələbə oldu.Bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməyə başladı. İlham Əliyev müstəqil dövlətin əsaslarını əbədi dayaqlar üzərində möhkəmləndirdi, xalqımızı demokratik inkişaf yoluna istiqamətləndirdi, atası kimi ürəyinin odunu və işığını parlaq gələcəyi uğrunda mübarizə apardığı və canından artıq sevdiyi Vətəninə həsr etdi. Dünyanın görməzdən gəldiyi ədaləti bərpa etdi. “Tarix təkrarlanır”gerçəyi bir daha təsdiq olundu.
Tarix bir daha sübut etdi ki, Azərbaycanın qurucusu Heydər Əliyev, qalib sərkərdə İlham Əliyev təcrübəli bir kapitan kimi Azərbaycan gəmisini tarix okeanının tufanlarından, qasırğalarından sağ-salamat keçirib uğurlu gələcəyə aparmağa qadir liderlərdir. Bu şərəfli yolda xalq da öz iqtidarını tək qoymadı. Həmrəylik göstərən, əlindən gələni əsirgəməyən xalqım, hərbi gücümüz, səriştəli Ali Baş Komandanımız sözün əsl mənasında dünyanı silkələdi. Nikol Paşinyan”Qarabağ Ermənistanı və nöqtə” deməklə bütün sülh prosesinə ağır zərbə vurdu. Cənab prezidentin isə cavabı tutarlı şəkildə, əməldə öz təsdiqini tapdı:”Qarabağ Azərbaycandır və nida”! Hər kəs susdu və haqq yerini tapdı. Xalq zəfərə getdiyini bilirdi və vahid bayraq altında bir yumruq kimi birləşdik. Torpağa su töksən palçıq, qan töksən vətən olar. Bu, beş hərfə sığan, ürəklərə, damarlara sığmayan bir anlayışdır. Vətən toxunulmaz və müqəddəsdir. Şanlı zəfərin başlandığı gün Ana Vətən öz oğullarına güvəndi. Qəhrəmanlarımız ölümün gözünə dik baxaraq üçrəngli bayrağımızı Qarabağ səmasında, bütöv Azərbaycanda dalğalandırdılar. Təsadüfi deyil ki, xalq şairi X. R. Ulutürkün öz misralarında qələmə aldıqları bu gün öz təsdiqini tapdı:
Əgər bir kişi zülümkara əyilsə,
Yersizdir üstündə yaraq gəzdirə
Artıqdır başında papaq gəzdirə.
Türk milləti heç vaxt işğalla barışmadı. İgidlərimiz Xocalıda öldürülən hər can üçün hesab sordular. Həsrəti vüsala çevirib bizə Qarabağı ərmağan etdilər. Qarabağ bizim üçün həsrətin, özləmin adı deyil, artıq zəfərin adıdır. Mən bu sətirləri qalib ölkənin qalib vətəndaşı, qalib gənci kimi fəxarətlə qələmə alıram. Bizim haqq savaşımızda daim yanımızda olan, sevincimiz sevincləri, kədərimiz kədərləri olan qardaş Türkiyənin rolu danılmazdır. Azərbaycana mənəvi dayaq olaraq öz qətiyyətli mövqeyi ilə dünyaya göstərdi ki, biz bir millət iki dövlət olaraq işğalçıya qarşı bir yumruğuq. Dövlətimiz hərb meydanında göstərdiyi şücaəti eyni zamanda diplomatiya və ideologiyada da nümayiş etdirdi. 44 günlük Vətən müharibəsində bizim üçün ön və arxa cəbhə anlayışı yox, vahid cəbhə anlayışı vardı. Cəbhədə vuruşan oğullarımıza həm maddi, həm mənəvi dəstək əskik olmadı. Müharibə itkisiz olmur. Bizim şəhidlərimiz bizim and yerimizdir. Qarabağ adlı zəfərin memarı şəhidlər, qazilər, zabitlər, əsgərlər xalqın qürur mənbəyidir. Məhz onların sayəsində bu xalqın beli bükülmədi, əyilmədi. Şəhid anası “Vətən sağ olsun” deyərkən, həmrəy olub əl-ələ zəfəri qeyd edərkən düşmənin ürəyinə sanki ox sancıldı. Şəhidlik hər kəsə nəsib olmayan ən uca zirvədir. Tarixən var olmuş qəhrəmanlar bu gün üçün bir məktəb olmuşdularsa, bu gün tarix yazan qəhrəmanlar : Poladlar, Cahangirlər, Hikmətlər, Mübarizlər, Arəstələr, Cəbrayıllar və b. məhz gələcək nəsillər üçün mərdlik məktəbi olacaqlar. 44 gün...Az bir müddət və şanlı qələbə! Hər günü həyəcan dolu, qürur dolu, sevinc gözyaşları dolu, zəfər dolu 44 gün! O torpaqların, o cənnətin hər qarışı, hər gülü, hər çiçəyi müqəddəsdir. Çünki onlara şəhid qanı qarışıb. Ölənlərin əziz xatirəsi daim anılacaq və onların yadigarları- ailələri daim diqqət və qayğı ilə əhatələnəcəklər. Mən istiqlaliyyətimizin gələcəyindən nigaran deyiləm. Çünki millətimin üçrəngli bayrağı İlham Əliyev kimi bir rəhbərin müqtədir əlindədir. Biz, gələcək nəsillər, gənclik müstəqil dövlətimiz ətrafında sıx birləşməli, onun tərəqqisi üçün əlimizdən gələni əsirgəməməliyik. Dəmir yumruğumuz bizi hədələməyə cəhd edən düşmənlərin başını əzəcək, onlara öz yerlərini göstərəcək. Bu gün bu torpaqlar şəhid qanı və xalqın əzmi ilə yenidən dirçələcək. Ölkəmiz daha da güclənəcək, dosta sevinc, düşmənə göz dağı olacaq! Xarıbülbül boynu bükük yola saldığı xalqını başı dik qarşılayacaq. Bütöv türk dünyası aləmə səs salacaq. Mən bu ölkənin bir gənci, vətəndaşı olaraq fəxr edirəm ki, azərbaycanlıyam! Qarabağ Azərbaycandır!

Sabunçu rayonu, 130 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Rumiyyə Heydərova

Oxşar xəbərlər