Vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması, rifah halının yüksəldilməsi hər zaman dövlətimizin fəaliyyətinin prioritet istiqamətlərindən biridir

Vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması, rifah halının yüksəldilməsi hər zaman dövlətimizin fəaliyyətinin prioritet istiqamətlərindən biridir Cari ilin ilk altı ayı onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir. İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə səslənən fikirlər və qeyd olunan faktlar bir daha təsdiqləyir ki, əvvəlki illərdə ölkə həyatının bütün sahələrində müşahidə olunan dinamik inkişaf bu ilin birinci yarısında da uğurla davam edib, göstəricilər yüksəlməkdədir. Belə ki, qeyri-neft-qaz sektorunda, sənaye, nəqliyyat, turizm və digər sahələrdə mühüm nailiyyətlər əldə olunub, sənaye məhsullarının ixracı potensialı artıb, həmçinin yeni müəssisələr yaradılıb, daimi iş yerləri açılıb. Bütün bunlar dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı və uğurlu islahatlar nəticəsində ölkəmizin iqtisadi qüdrətinin durmadan artdığını göstərir. Bunu ayrı-ayrı sahələr üzrə inkişaf tempi haqda kiçik araşdırma etməklə görmək olar. Belə ki, qeyri-neft-qaz sektorunun prioritet sahələri arasında əlavə dəyər qeyri-neft qaz sənayesində 11 %, o cümlədən qeyri-neft-qaz emalı sənayesində 15 %, nəqliyyat sektorunda 27 %, turizm və ictimai iaşədə 86 %, informasiya və rabitə sektorunda 14 % artıb. Sənaye zonalarının ölkədə sənayeləşmə proseslərinə töhfəsi artmaqdadır. 2022-ci ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə sənaye zonalarında istehsal 53 %, ixrac isə 2 dəfə artıb. İnvestisiyalara gəldikdə, ölkə iqtisadiyyatında yüksək iqtisadi artım templəri, habelə dövlət büdcəsinin investisiya xərclərinin icrasının sürətlənməsi, o cümlədən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti-bərpa işlərinin həyata keçirilməsi fonunda cari ilin birinci yarısında əvvəlki aylarla müqayisədə əsas kapitala investisiyaların real artım tempi müsbət zonaya daxil olub. Qeyd olunan amillərin təsiri ilə qeyri-neft-qaz sektorunda əsas kapitala investisiyaların real artımı 18,5 % təşkil edib. Bu amillərin təsiri ilə cari ilin 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə tikinti sektorunda əlavə dəyər 8 %ədək artıb. İxrac məsələlərinə gəldikdə isə, qeyri-neft-qaz məhsullarının ixracının 60 %ini sənaye məhsulları təşkil etdiyi halda, sənaye məhsullarının ixracı 42 %ədək artıb. Bu da sənaye potensialının artırılması ilə birbaşa bağlıdır.
Digər önəmli məsələlərdən biri isə antiinflyasiya tədbirlərinin görülməsidir. Bu ilin yanvar-iyun aylarında inflyasiya 12,9 % təşkil edib, o cümlədən qida məhsulları üzrə qiymət indeksi 19 % artıb. Bununla əlaqədar ölkədə antiinflyasiya siyasəti üzrə xüsusi tədbirlər planı təsdiqlənib və icrası həyata keçirilir. Həmin tədbirlər planı çərçivəsində ərzaq bazarlarında sağlam rəqabətin təmin edilməsi və qiymət manipulyasiyasının qarşısının alınması, minimum istehlak səbətinə daxil olan ərzaq malları üzrə daxili bazarda özünütəminat səviyyəsinin qorunması, bu məhsullar üzrə idxalın dayanıqlılığının və ixraca effektiv nəzarətin təmin edilməsi, onların daxili istehsalının genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması, rifah halının yüksəldilməsi hər zaman dövlətimizin fəaliyyətinin prioritet istiqamətlərindən biri olub. Müşavirədə qeyd olunduğu kimi, ötən dövr ərzində əməkhaqlarında baş verən 14 % artım, həmçinin pensiyaların 10 %dən çox artırılması bunu deməyə əsas verir.Bu ilin altı ayında Azərbaycan beynəlxalq müstəvidə də fəal siyasət həyata keçirib və bir çox uğurlara nail olub.İnanırıq ki, qarşıdakı illərdə də Cənab Prezident İlham Əliyevin başçılığı altında ölkəmiz daim inkişaf etməkdə davam edəcək.


Asiman Paşayev
Sabunçu rayonu, 68 №-li tam orta məktəbin direktor müavini


Oxşar xəbərlər