Ölkəmizin energetika sahəsində əlamətdar tarix

Ölkəmizin energetika sahəsində əlamətdar tarix Azərbaycan Respublikasının enerji təminatının yaxşılaşdırılması istiqamətində alternativ enerji sahəsində işlər davam etdirilir. Bu günlərdə ölkənin energetika sahəsində daha bir əlamətdar tarix yazıldı. 15.03.2022 –ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi. 230 meqavat gücündə olan bu stansiya ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək və Azərbaycanın ixrac imkanlarını genişləndirəcək.
Təməlqoyma mərasimində çıxış edən Prezident İlham Əliyev bildirdi ki, “Layihənin icraçısı dünyada tanınmış və böyük təcrübəyə malik olan “Masdar” şirkətidir. “Masdar” şirkəti bir çox ölkələrdə uzun illər uğurla fəaliyyət göstərir. Bu şirkətin Azərbaycana sərmayə qoyması çox təqdiredici bir haldır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xarici sərmayə üçün çox cəlbedici ölkədir, açıq ölkədir. “Masdar” şirkəti dost ölkəni - Birləşmiş Ərəb Əmirliklərini təmsil edir. Bizim ikitərəfli münasibətlərimiz çox yüksək səviyyədədir. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə uğurla əməkdaşlıq edirik. Ticarət əlaqələrimiz artır, turizm sahəsində çox böyük imkanlar var. Bərpaolunan enerji istehsalı sahəsində də əməkdaşlığa bu gün start verilir. Hələ 3 ay tamamlanmayıb ki, artıq 855 meqavat gücündə yeni generasiya gücləri yaradılır, 385 meqavat generasiyagücü isə artıq yaradılıbdır. Cari ilin əvvəlindən energetika sahəsində çox önəmli addımlar atılıbdır. Yanvar ayında bu sahədə məşhur olan, Səudiyyə Ərəbistanını təmsil edən “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyuldu. Fevral ayında “Azərenerji” tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasının açılışı oldu və bu gün 230 meqavat gücündə günəş elektrik stansiyasının təməli qoyulur”.
Prezident İlham Əliyev İşğaldan azad edilmiş ərazilər böyük potensialı barədə məlumat verərək bildirdi ki, işğaldan azad olunan ərazilər bərpa olunan enerji sahəsi üçün geniş imkanlara malikdir: “Dəqiq hesablamalar aparılıb və günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. İlkin addımlar da atılır, BP şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Digər böyük şirkətlər bu bölgəyə maraq göstərirlər. Qısa müddət ərzində görülmüş işlər Azərbaycanın iqtisadi potensialından xəbər verir.Keçən il 4 su elektrik stansiyasıbərpa olunub. Onların ümumi generasiya gücü 20 meqavatdır. Cari il isə 5 su elektrik stansiyasının yenidən qurulması planlaşdırılır və bu stansiyaların generasiya gücü 27 meqavat olacaqdır. Bu stansiyaların ancaq Kəlbəcər və Laçın rayonlarında sayı 30-dan çox olacaqdır və bu, su elektrik stansiyalarıdır. Günəş və külək elektrik stansiyalarının yaradılması üçün daha böyük potensial var. Bütün infrastruktur yaradılıb, daxili xətlər müasirləşdirilib, bir çox yarımstansiyalar inşa olunub, o cümlədən azad edilmiş torpaqlarda cəmi bir il ərzində 7 yarımstansiya yaradılıbdır”. Həm beynəlxalq maliyyə qurumları, həm böyük şirkətlər, investorlar Azərbaycana çox böyük maraqla yanaşırlar. 10 min kvadrat kilometrdən çox olan azad edilmiş torpaqların bərpası ölkəmizin dayanıqlı inkişafını təmin edəcəkdir”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışının sonunda bildirdi ki, Azərbaycanda zəngin neft və qaz yataqları vardır və bu yataqların istismarı və işlənilməsi uğurla gedir. Müasir infrastruktur vardır - həm nəqliyyat, həm kommunikasiya, həm də elektrik xətləri ixrac bazarları ilə bizi birləşdirir. Güclü siyasi iradə vardır. Dünyanın demək olar ki, əksər ölkələri ilə sıx tərəfdaşlıq əlaqələri vardır. Bütün bu amillərin vəhdəti ölkəmiz üçün çox gözəl imkanlar yaradır.

Sabunçu qəsəbəsi, 68 saylı tam orta məktəbin
direktor müavini Asiman Paşayev

Oxşar xəbərlər