
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının yanvarın 13-də Gülüstan sarayında keçirilən təməlqoyma mərasimində Prezident İlham Əliyev deyib: "Çünki region ölkələrində və eyni zamanda, Avropada elektrik enerjisinə tələbat artır. Bəzi ölkələr nüvə elektrik stansiyalarının bağlanması ilə əlaqədar qərar qəbul ediblər, biz, eyni zamanda, kömürlə işləyən elektrik stansiyalarının bağlanması prosesini müşahidə edirik. Eyni zamanda, dünyanın demək olar ki, gündəliyinin ön sıralarında olan “Yaşıl gündəliyi” də təsdiq edilib və biz öz növbəmizdə işğaldan azad edilmiş əraziləri - 10 min kvadratkilometr ərazini “yaşıl enerji” zonası elan etmişik. Artıq bir neçə su elektrik stansiyası inşa edilib, fəaliyyətdədir. Günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı konkret planlarımız var”.
“Onu da bildirməliyəm ki, Azərbaycan həm daxili tələbatı tam ödəyir,eyni zamanda, bütün qonşu ölkələrə elektrik enerjisi ixrac edir. Qonşu ölkələrlə bizi birləşdirən yüksəkgərginlikli enerji xətləri bu imkanı bizə yaradır, lazım olarsa,yeni xətlər də çəkilər”.
Dövlət başçısı İlham Əliyev çıxışında bildirib ki, azad edilmiş torpaqlar gələcəkdə “Yaşıl enerji” zonası kimi tanınacaq. Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin, Zəngilan, Cəbrayılda isə Günəş enerjisinin böyük potensialı bunu deməyə əsas verir. Artıq ilkin tədqiqatlar aparılıb və beləliklə, Azərbaycanın enerji generasiya güclərini, ötürücü xətlərini yenidən quraraq Qarabağı “Yaşıl enerji” zonasına çevirəcək. Azərbaycanda, xüsusilə düşməndən təmizlənən ərazilərdə “Yaşıl enerji” zonasının yaradılmasına mühüm önəm verilməsi təsadüfi deyil.Çünki hazırda bütün dünyada elektrik enerjisi istehsalının dominant mənbəyi ənənəvi enerji mənbələridir.Bununla belə bir çox yerlərdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı artmaqda davam edir.Ölkəmizdə də enerjinin bu növünün istehsalı diqqət mərkəzində saxlanılır.
Prezident İlham Əliyev 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasını mühüm vəzifə kimi müəyyənləşdirib.Dövlət başçısının imzaladığı müvafiq sərəncamlar nəticəsində Azərbaycanda energetikanın digər sahələrində olduğu kimi,bərpa olunan enerji mənbələrindən istifadə sahəsində də əlverişli investisiya mühiti yaradılıb,özəl
sərmayələrin cəlbi və irimiqyaslı layihələrin icrası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Ramana qəsəbəsi, E.Ağayev adına 198 saylı tam orta məktəbin
əməkdaşı Badam Muradova