Bakıda zəlzələ təhlükəsi: Bütün binalar yoxlanılacaq

Bakıda zəlzələ təhlükəsi: Bütün binalar yoxlanılacaq “Bəzi köhnə binalar mərhələli şəkildə söküləcək”

Mayın 24-dən başlayaraq Bakıda binaların zəlzələyə davamlılığı yoxlanılacaq. Hansı binaların zəlzələyə davamlılığı zəif olacaqsa, həmin binalarda dayanıqlıq prinsipi ilə yenidən işlər görüləcək.

Bunu AzVision.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, bu istiqamətdə Almaniyanın Yer Elmləri Mərkəzinin seysmoloji bölməsi ilə əməkdaşlıq ediləcək. Monitorinqlər Bakıda bütün binaları əhatə edəcək.

“Zəlzələyə davamlılığın yoxlanılması prosesi almaniyalı mütəxəssislərlə birlikdə həyata keçirəcəyik. Cihazların alınması, maliyyə, treyninqlərin keçirilməsi almanlar tərəfindən, montaj və araşdırmanın aparılması isə yerli mütəxəssislər tərəfindən aparılacaq.

Monitorinq zamanı mühit, qurunt axıntıları, zəif təkanların təsirindən binalarda yarana biləcək və yaranmış problemlər müəyyən ediləcək. Aşkar olunnan nasazlıq barədə Fövqəladə Hallar Nazirliyinə məlumat veriləcək. Problemin aradan qaldırılması istiqamətində işlər aparılacaq ki, sabah baş verəcək zəlzələdə bina tez dağılmasın, dayanıqlılığını saxlaya bilsin”.

Q.Yetirmişlinin sözlərinə görə, qəzalı vəziyyətə səbəb olacaq hallar aradan qaldırılacaq:

“Hər bir tikili müəyyən müddət sonra kənar təsirlərdən zədələnə bilər. Adi külək, yoldan keçən ağır tonnajlı maşın belə binanın möhkəmliyinə təsir edir. Problemi müəyyən etmək üçün binaların zirzəmilərində, müəyyən mərtəbələrində cihazlar qoyulacaq. Bu cihazlar müəyyən müddətdə monitorinq aparacaq, toplanılan məlumatlar mütəxəssislər tərəfindən təhlil ediləcək”.

Qurum rəsmisi qeyd edib ki, bəzi köhnə beşmərtəbə və doqquzmərtəbəli binalar mərhələli şəkildə söküləcək. Hansı binaların zəlzələyə davamlılığı zəif olacaqsa, həmin binalarda iş aparılacaq.

“Monitorinqlər tək Bakıda yox, Bakıətrafı kəndləri və regionları da əhatə edəcək. Mayın 24-dən sonra bütün bunlar konkretləşdiriləcək və məsələ tam aydınlaşacaq”, - deyə Qurban Yetirmişli bildirib.

Oxşar xəbərlər