Şəki və Qəbələyə rekord sayda turist gəlib – VİDEO

Şəki və Qəbələyə rekord sayda turist gəlib – VİDEO “Qiymətləri yenidən gözdən keçirmək labüddür”

Bu il Novruz bayramı ilə əlaqədar tətil günlərində bölgələrə gələn turistlərin sayı rekord həddə çatıb.

Tətil müddətində şimal-qərb bölgəsinə gələnlərin sayında əvvəlki illərlə müqayisədə artım qeydə alınıb.

Bunların da böyük əksəriyyəti yerli turistlər olub. Yerli turist sayının çoxluğunda manatın devalvasiyası əsas rol oynayıb. Dolların kursunun yuxarı olması xarici turistlərin də ölkəyə gəlişinə müsbət təsir edib.

Elə bayram günlərində bölgədə Rusiya, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və İran kimi ölkələrin vətəndaşlarına rast gəlmək olardı.

Ümumilikdə isə, şimal-qərb bölgəsində ən çox turist Qəbələ rayonunda olub. Təqribən 16 min qonaq şəhəri ziyarət edib.

Turist axınına görə ikinci yeri Şəki tutur. 10-mindən çox turistin ziyarət etdiyi qədim diyarda qonaqlar üçün yaradılan şərait onların zövqünü oxşayıb.

Qeyri rəsmi məlumata görə, bayram günlərində şimal-qərb bölgəsi təqribən 35 min turisti qonaq edib.

Ölkənin tanınması baxımından xarici turistlərin gəlməsi daha məqsədə uyğundur. Nəzərə alsaq ki, qarşıdan turizm mövsümü gəlir, bu baxımdan qiymətləri yenidən gözdən keçirmək labüddür.

Turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisidir.

Bu ərazidə yerləşən muzey və karvansaralar, həmçinin XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi Şəki xanlarının sarayı yerli və xarici turistlərin daha çox marağına səbəb olur.

Şəkiyə turist axınının artmasının əsas səbəblərindən biri də onlara göstərilən xidmətin keyfiyyəti ilə bağlıdır. Şəki mətbəxinin özünəməxsusluğu, rəngarəngliyi turistləri daim özünə cəlb edir.

Onlar milli yeməklərdən olan “Şəki pitisi”nə, “Şəki paxlavası”na, müxtəlif çeşiddə şirniyyat növlərinə böyük maraq göstərirlər. Qoruğun ərazisində olan sənətkarlıq emalatxanaları da daim turistlərin xidmətindədir.


Oxşar xəbərlər