Cənubi Qafqazda artıq yeni reallıqlar yaranıb

Cənubi Qafqazda artıq yeni reallıqlar yaranıb
Ölkə başçısı ötən il ərzində görülmüş işləri təhlil edir və cari ildə həyata keçiriləcək layihələr haqqında məlumat verir. Ötən gün yerli televiziya kanallarına verdiyi müsahibədə Prezident İlham Əliyev 2025-ci ili ölkəmiz üçün tarixi bir il olaraq xarakterizə etdi. Belə ki, məhz ötən il Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflandı, artıq bir neçə aydır ki, xalqımız sülh şəraitində yaşayır. Cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi geniş müsahibə Azərbaycanda və qlobal müstəvidə baş verən proseslərin real mənzərisini əks etdirdi. Eyni zamanda, 2025-ci ildə Azərbaycan-Amerika münasibətləri yeni bir mərhələyə qədəm qoydu.
Bir çox aktual mövzulara toxunan ölkə rəhbərimiz Zəngəzur dəhlizi, Türkiyə-Azərbaycan münasibətləri və ikitərəfli əlaqələr fonunda yeni bir güc mərkəzi, Türk Dövlətləri Təşkilatı ilə bağlı perspektivləri aktuallaşdırdı. 44 günlük Vətən Müharibəsi Azərbaycanın Ermənistan üzərində parlaq hərbi və diplomatik qələbəsi ilə yekunlaşdı. Tarixi Zəfərdən sonra Azərbaycan orbitində Cənubi Qafqazda yeni hərbi-siyasi konfiqurasiya formalaşdı. Xüsusilə, Prezident İlham Əliyev tərəfindən Zəngəzur dəhlizi layihəsinin üçtərəfli bəyanatın müddəaları sırasına əlavə edilməsi siyasi peşəkarlıq nümunəsi idi.
Beynəlxalq münasibətlər sistemində Azərbaycan bu gün müstəqil siyasət yürüdən dövlətdir və hər bir dövlət də bu reallıqla barışmaq məcburiyyətindədir. Bunu müxtəlif qütblərdə dayanan ölkələrlə qurulan yüksək səviyyəli əlaqələr də təsdiq edir. Belə ki, ölkəmiz 2025-ci ildə həmçinin Çinlə Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalamışdır. Ölkəmizin D-8 təşkilatına üzvlüyünü də xüsusilə qeyd etmək lazımdır. Ümumiyyətlə, Azərbaycanın xarici siyasət kursu çoxşaxəlidir və ölkəmiz etibarlı tərəfdaş olaraq qəbul edilir.
Müasir beynəlxalq münasibətlər sistemində əsas prinsiplərdən biri odur ki, mövcud olmaq üçün güclü olmaq mütləqdir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, bu gün dünyanın siyasi xəritəsində güclü Azərbaycan dövləti var. Bu reallıqdır və bu reallıq artıq qəbul edilib.

Altun İbrahimov – YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Oxşar xəbərlər