Prezident İlham Əliyevin hər ilin əvvəlində yerli televiziya kanallarına müsahibə verməsi artıq ənənə halını alıb

Prezident İlham Əliyevin hər ilin əvvəlində yerli televiziya kanallarına müsahibə verməsi artıq ənənə halını alıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünən yerli media nümayəndələrinə verdiyi genişmiqyaslı müsahibə, ölkəmizin suverenliyinin tam bərpasından sonra keçdiyi yeni tarixi dövrün dərin siyasi və iqtisadi təhlilini təqdim etdi. Dövlət başçısının qətiyyətli bəyanatları Azərbaycanın daxili sabitliyinin, xarici siyasətinin və quruculuq əzminin sarsılmazlığını bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Cənab prezidentin qətiyyətli və uzaqgörən bəyanatları göstərir ki, Azərbaycan artıq yalnız regional reallıqları müəyyən edən subyekt deyil, həm də qlobal miqyasda strateji əhəmiyyətə malik güc mərkəzidir. Dövlət başçısı Azərbaycanın prioritet sahələrdə qazandığı nailiyyətlər, icra olunan layihələr haqqında geniş əhatəli məlumat verməklə yanaşı, qarşıda duran hədəflərlə əlaqədar prioritet istiqamətləri də ölkə ictimaiyyətinə çatdırdı. Sözsüz ki, ölkə başçısı müsahibəsində həm xarici, həm də daxili auditoriya üçün mühüm mesajlar verdi. Prezidentin çıxışı xüsusilə regionda baş verən dəyişikliklər, sosial-iqtisadi inkişaf və dövlətin strateji layihələri, həm daxili, həm də xarici siyasətdə qarşıda duran prioritetlər ilə bağlı verdiyi açıqlamalarla yadda qaldı. Üç saat davam edən müsahibə hər şeydən öncə cənab Prezidentin media sahəsinə verdiyi önəmin, mətbuatla sıx münasibətlərinin göstəricisidir.

Prezidentin müsahibəsində daxili siyasət məsələlərinə xüsusi yer ayrılması dövlət idarəçiliyində sosial rifah amilinin prioritetliyini bir daha ön plana çıxarmışdır. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, regionların balanslı tərəqqisi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas sütunları kimi təqdim olunmuşdur. Bu yanaşma Azərbaycanın uzunmüddətli dayanıqlı inkişaf modelinə sadiqliyini ifadə edir. Müsahibə zamanı dövlət başçısı regionların idarə edilməsində tətbiq olunan yeni idarəetmə modeli — Xüsusi Nümayəndəlik İnstitutu barədə danışarkən, kadr seçimində peşəkarlıq və dövlətə sədaqət prinsiplərinin alternativsiz olduğunu xüsusi vurğulamışdır. Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında yaradılmış xüsusi nümayəndəlik institutu ilə bağlı səmimi və qətiyyətli mövqeyini ifadə edərək bildirmişdir ki, dövlətin etimadını doğrultmayan heç bir vəzifəli şəxs cəzasız qalmır. Eyni zamanda, dövlət başçısının institusional islahatlara verdiyi əhəmiyyət hüquqi dövlət quruculuğunun və idarəetmədə şəffaflığın möhkəmləndirilməsinə yönəlmiş ardıcıl siyasətin davamı kimi qiymətləndirilə bilər. Bu kontekstdə insan kapitalının inkişafı, təhsil və hərb sahələrində aparılan tədbirlər strateji investisiya kimi təqdim olunur.
Alidə Aslanova - YAP Sabunçu rayon təşkilatının məsləhətçisi



Oxşar xəbərlər