Ötən gün Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi istər ölkəmizdə, istərsə də qlobal arenada maraqla izlənildi. Dövlətimizin başçısı ölkəmizin siyasi, iqtisadi gündəliyini, eyni zamanda Azərbaycanın sosial sahədəki addımlarını, Qarabağın bərpasını və digər aktual məsələləri şərh edərək vacib nüanslara toxundu. Azərbaycan lideri həm də dünyada baş verən geosiyasi prosesləri dəqiq təhlil etməklə ölkəmizin mövqeyini nümayiş etdirdi, əhəmiyyətli mesajlar ünvanladı, mühüm siyasi bəyanatlar verdi.
Prezident İlham Əliyev müsahibəsində işğaldan azad edilmiş torpaqların bərpasında yeni keyfiyyət mərhələsinin — horizontal inteqrasiyanın başladığını bəyan etmişdir. Dövlət başçısının “İşğaldan azad edilən bölgələri bir-biri ilə bağlamaq bizim əsas vəzifəmizdir” fikri, Qarabağ və Şərqi Zəngəzurun təkcə mərkəzlə deyil, həm də daxili şəbəkələr vasitəsilə bir-birinə sıx bağlanmasını nəzərdə tutur. Bu strateji vəzifənin icrası Şuşa, Ağdam, Füzuli, Laçın, Kəlbəcər və Zəngilanı birləşdirən müasir yol-nəqliyyat infrastrukturu bölgənin iqtisadi qan damarlarını formalaşdırır. Bu, region daxilində logistik xərclərin azaldılmasına və hərəkət intensivliyinin artmasına imkan verir, bölgələrin bir-biri ilə inteqrasiyasının kənd təsərrüfatı, turizm və sənaye sahələrində vahid dəyər zəncirinin yaradılmasını təmin edir, bununla da əhalinin məskunlaşdığı məntəqələr arasında kəsintisiz əlaqənin olması sosial xidmətlərin əlçatanlığını artırır və azad edilmiş ərazilərdə həyat keyfiyyətini ölkə üzrə orta göstəricilərdən yuxarıya qaldırır.
Prezident İlham Əliyev müsahibəsində Azərbaycan-ABŞ münasibətlərindəki yeni dinamikanı və son dövrlərdə müşahidə olunan müsbət meyilləri də geniş şəkildə təhlil etdi. Dövlət başçısı münasibətlərin artıq daha konstruktiv və qarşılıqlı hörmətə əsaslanan müstəviyə keçdiyini vurğulayaraq ABŞ-la münasibətlərdə müəyyən bir gərginlik dövrünün geridə qaldığını, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsindən sonra yaranan yeni reallıqların Vaşinqton tərəfindən daha dərindən dərk edilməyə başlanmasını, artıq hər iki tərəfin əməkdaşlığın gələcəyinə fokuslandığını, eyni zamanda münasibətlərin yaxşılaşmasında ənənəvi əməkdaşlıq sahələrinin rolunun yenidən ön plana çıxdığını vurğuladı.
Yekun olaraq qeyd etmək olar ki, Prezident İlham Əliyevin bu müsahibəsi sadəcə bir illik fəaliyyətin hesabatı deyil, həm də qüdrətli Azərbaycanın gələcək onilliklərini əhatə edən milli inkişaf doktrinasıdır. Dövlət başçısının qətiyyətli bəyanatları və elan etdiyi strateji prioritetlər bir daha təsdiq edir ki, Azərbaycan xalqı öz liderinin rəhbərliyi ilə daha böyük zəfərlərə, sarsılmaz sabitliyə və yüksək rifaha doğru inamla addımlayır. Bu çıxış həm dostlar, həm də rəqiblər üçün aydın bir mesajdır: Azərbaycan öz milli maraqlarını qorumağa və regionun taleyini müəyyən etməyə qadir olan, sarsılmaz iradəyə malik güclü dövlətdir.
Nəbi Hacıyev – YAP Sabunçu rayon təşkilatının məsləhətçisi