Bazarlarda satılan “ərəbski” ətlər – Ekspertdən XƏBƏRDARLIQ

Bazarlarda satılan “ərəbski” ətlər – Ekspertdən XƏBƏRDARLIQ Asim Vəliyev: “Mənşəyi bilinməyən ət təhlükə mənbəyidir”

Livanın Akkar, Bəəlbək-əl-Hirmil əyalətlərində dabaq xəstəliyi, Litvanın Telşyay, Şyaulyay qəzalarında isə blutanq xəstəliyi qeydə alındığından bu bölgələrdən Azərbaycana ət məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Azərbaycan ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq AQTA müvəqqəti məhdudiyyət tətbiq edib. Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Belə görünür ki, buna qədər Azərbaycan Livandan və Litvadan ət alırmış.

Bəs bu ölkələrin ətlərinin keyfiyyətinə inanmaq olarmı? Necə ayırd etmək olar ki, aldığımız Livan ətidir?

Qida eksperti Asim Vəliyev mövzunu Musavat.com-a belə şərh edib: “Əslində bir istehlakçı olaraq narahatlıqlarımız əsaslıdır. Hər birimiz ətin mənşəyi və sağlamlığı barədə məlumatlı olmalıyıq. Amma qeyd edim ki, hər hansı ölkədə yoluxucu heyvan xəstəliyinin qeydə alınması avtomatik olaraq həmin ölkədən gələn bütün ətlər keyfiyyətsizdir deməyə əsas vermir. Belə olduqda risk artdığı üçün dövlətlər müvəqqəti məhdudiyyətlər tətbiq edir. Bu hal beynəlxalq praktikadır və əsas məqsəd yerli bazarı və heyvan sağlamlığını qorumaqdır.

Azərbaycanın Livan və Litvadan ət idxal etməsi mümkündür. İdxal yalnız xəstəlik olmayan bölgələrdən və zonalaşma prinsipi əsasında həyata keçirilir. Bununla yanaşı xəstəliyin yayıldığı ərazilər müəyyən edildikdə, həmin regionlardan idxalın dərhal dayandırılması düzgün və zəruri addımdır. Aidiyyəti olaraq AQTA-nın qərarı da məhz bu yanaşmaya əsaslanır.

Bir istehlakçı olaraq bizdə yaranan əsas sual alınan ətin mənşəyinə necə əmin olmaqdır. Qanuni idxal olunan ət məhsulları üzərində mütləq baytarlıq-sanitariya sənədləri, mənşə ölkə haqqında məlumat və etiket olmalıdır. Qablaşdırmada istehsalçı ölkə, müəssisənin adı, kəsim tarixi və idxalçı şirkət açıq şəkildə göstərilməlidir. Bu məlumatlar yoxdursa, həmin məhsuldan şübhələnmək üçün əsas var.
Praktikada isə problem başqadır. Bəzi hallarda istehlakçı açıq satışda olan ətlərin real mənşəyini ayırd edə bilmir. Xüsusilə bazarlarda və kiçik satış nöqtələrində yerli ət adı altında idxal mənşəli məhsullar satıla bilər. Livan, Litva və ya digər ölkələrdən gətirilən ətlərin zahiri görünüşünə görə dəqiq ayırd edilməsi mümkün deyil. Bu yalnız sənəd və nəzarət mexanizmi ilə müəyyən edilə bilər”.

Ekspert qeyd edir ki, burada əsas məsuliyyət dövlət nəzarəti ilə yanaşı, satıcının üzərinə düşür.

İstehlakçılara tövsiyəmiz ondan ibarətdir ki, ət məhsullarını yalnız rəsmi satış məntəqələrindən alsınlar. Sənəd tələb etməkdən çəkinməməliyik. Şübhəli hallarla bağlı AQTA-ya müraciət edə bilərik. Belə edərək vətəndaş nəzarətini artırmış oluruq. Bu zaman satıcı da daha diqqətli və mənşəyi bilinən ətləri satmağa məcbur olar. Qida təhlükəsizliyi məsələsində əsas prinsip odur ki, mənşəyi bilinməyən ət təhlükə mənbəyidir”.

Oxşar xəbərlər