Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir

Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir Qarabagın döyünən ürəyi olan, milli memarlıq üslubu ilə seçilən, mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə tanınan, mugamımızın beşiyi sayılan, Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan qədim Şuşa şəhəri özü boyda tarixi abidədir. Ümummilli Lider Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini bu sözlər ilə ifadə etmişdir: “Şuşasız Qarabag, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur. Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, elminin böyük bir hissəsini əks etdirən vahid muzeydir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir.”
Şuşa bütün gözəlliyi ilə fərqləndiyindən həmişə düşmənlərin göz dikdiyi məkana çevrilib. Belə ki, 1992-ci il mayın 8-də Qarabağ bölgəsinə göz tikmiş vəhşi düşmən, faşist Ermənistan silahlı ordusunun hücumları nəticəsində Şuşa şəhəri işgal olundu. İşğal nəticəsində 480 günahsız vətəndaş qətlə yetirildi, 600 nəfər yaralandı, 22 min insan öz yurdundan didərgin düşdü. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. Eyni zamanda Şuşada 25 məktəb, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi, 4 texnikum, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatr, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilmiş, yandırılmış və dağıdılmışdır.
Azərbaycanın birmənalı mövqeyinin dəyişilməz oldugunu diqqətə çatdıran dövlət başçımız cənab İlham Əliyev hər zaman qeyd edirdi ki, Azərbaycanın işgal altında qalan torpaqlarını nə yolla olursa olsun azad edəcəyik. O gün gələcək, bütün ərazilərimiz kimi Şuşa da düşmən əsarətindən qurtulacaq. Bu, əlli milyonluq bütün dünya azərbaycanlılarının arzusudur.
2020-ci il noyabrın 8-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərinin işğalçılardan azad edilməsi Azərbaycanın Qarabağda başladığı və 44 gün ərzində aparılan Vətən müharibəsindəki uğurlu əks-hücum əməliyyatları sırasında ən mühüm tarixi hadisə və böyük hərbi qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə qədim Şuşa şəhərinin rəşadətli ordumuz tərəfindən işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər günü kimi tariximizə yazıldı.
Bəli, artıq Qarabagın Fatehi, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma tədbirləri ilə əlaqədar Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işlərinə başlanılmışdır. Bərpa-quruçuluq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilmişdir. Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa şəhərinə təyin edilmişdir.
Cənab Prezident çıxışında bəyan edib ki, Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir. Əslində, həmişə belə olub. Sadəcə olaraq, mənfur düşmən bütün tarixi abidələrimizi dağıdıb. Amma biz bərpa edəcəyik. Onların əsl simasını qaytaracağıq. Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”.


Məhəmməd Ağayev,
Salyan rayon Kürqaraqaşlı kənd tam orta məktəbin müəllimi

Oxşar xəbərlər