44 günlük Vətən müharibəsindəki qələbəmiz Milli həmrəyin bariz nümunəsidir

44 günlük Vətən müharibəsindəki qələbəmiz  Milli həmrəyin bariz nümunəsidir
Şanlı tariximizə çevrilən, sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən Müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə düşdü. Müharibə Ermənistan üçün işğalçılıq, Azərbaycan üçün isə ədalət xarakteri daşıyırdı. 44 gün davam edən müharibədə Azərbaycan öz gücünü düşmənə göstərdi, onun ordusunu tamamilə sıradan çıxararaq diz çökdürdü. Müzəffər Ordumuz 300-dək yaşayış məntəqəsini, Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı, Şuşa şəhərlərini, Suqovuşan, Hadrut qəsəbələrini, çoxlu sayda strateji yüksəklikləri bilavasitə döyüş meydanında işğalçılardan təmizlədi.
44 günlük Vətən müharibəsi Azərbaycanda formalaşdırılmış milli ideologiyanın, baş qaldırmış milli mənlik şüurunun, dirçəlmiş ənənələrin, möhkəmlənmiş dövlətçiliyin bariz nümunəsidir.Azərbaycançılıq ideologiyası və milli düşüncəyə məxsus gənclərin yetişdirilməsi işinin həyata keçirilməsi Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəlişi və Ümummilli Liderin siyasi irsini davam etdirməsi ilə daha da möhkəmləndi. Biz Azərbaycan xalqının nümayəndələri olaraq bu reallığı 44 günlük Vətən müharibəsində mənəvi zəngin, azərbaycançılıq ideologiyası möhkəm gənclərin Vətən sevgisində şahidi olduq. Prezident İlham Əliyevin 2021-ci ildə şanlı qələbəmizdən sonra Şuşada ilk bayram tonqalını yandırarkən sölədiyi nitqində vurğuladığı kimi: “...Vətən müharibəsində bütün nəsllərin nümayəndələri qəhrəmanlıq göstərdi. Lakin etiraf etməliyik ki, onların böyük əksəriyyəti 18-25 yaşlı gənclərdir. Yəni, 2003-cü ildə mənim hakimiyyətə gəlişim vaxtı hələ uşaq olan və hakimiyyətim dövrümdə formalaşan gənclərdir”.
Vətən müharibəsi Azərbaycanda formalaşmış milli həmrəyliyin təcəssümü idi. Bu müharibədə Azərbaycan xalqının üzvləri eyni vətənpərvərlik və birlik içində vətənimizin müdafiəsi, torpaqlarımızın düşmən tapdağından azad olması yolunda öz canlarını sipər etdilər. Onlar Şəhidlik zirvəsinə ucaldılar, Qazi oldular, Qəhrəman oldular.Döyüşlərin ilk günündən Azərbaycan xalqı yekdilliklə əməliyyatları dəstəklədi, onminlərlə Vətən övladı könüllü şəkildə döyüşlərə qoşuldu. Hamı “hər şey vətən üçün, hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı ilə ordumuzun tam qələbəyə nail olması məqsədilə əlindən gələni etdi. Dilindən, dinindən, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq, hər kəs eyni amal uğrunda bir yumruq kimi birləşərək Prezident İlham Əliyevin növbəti dəfə xalqa müraciət edərək yeni qələbə xəbərləri verməsini gözlədi. Hər bir kəndin, qəsəbənin, şəhərin azad olunması xalqımız tərəfindən el bayramı kimi, böyük sevinclə, təntənə ilə qarşılandı, müzəffər Ali Baş Ko¬mandanımıza, əzmkar Ordumuza dərin minnətdarlıq ifadə olundu. Bütün dünyaya məlum oldu ki, 30 ilin torpaq həsrəti, əzabları xalqımızın iradəsini sındırmayıb, onun inam və əzmini sarsıtmayıb. Vətən müharibəsindəki möhtəşəm Qələbə də Azərbaycan Prezidenti İlham Əliyevin öz vətəndaşlarına nə qədər bağlı olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini bir daha əyani göstərdi. Xalq Prezidentimizin, Ali Baş Komandanın ətrafında birləşdi, sosial, siyasi statusundan asılı olmayaraq 10 milyon tək ürək, bir yumruq oldu. İstər ön cəbhədə, istərsə də arxa cəbhədə hər vətəndaşımız bir əsgər, zabit oldu. “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” şüarı dilimizin ən əziz kəlməsi oldu. Ali Baş Komandanımızın söylədiyi kimi, məhz birlik, əzm, iradə – güc böyük Qələbəmizi reallaşdırdı.
Vətən müharibəsi xalqımızın mübarizliyini bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda bu savaşda xalqımız İlham Əliyevin rəhbərliyi ilə milli həmrəyliyin ən mükəmməl nümunəsini yaratdı. Heç bir qüvvə bu sarsılmaz birliyi pozmaq iqtidarında deyil.
Allahverdi Piriyev,
Salyan rayon Ziyalılar Birliyinin sədri, Əməkdar Müəllim


Oxşar xəbərlər