
Beynəlxalq arenada rastlaşdığımız çoxsaylı ədalətsiz yanaşmalar və qarşılaşdığımız ikili standartlar xalqımızın inamını bir an belə sarsıtmadı, Azərbaycan xalqının, dövlətinin və Azərbaycan Liderinin dəmir iradəsinə təsir göstərmədi. Tarixinin ən çətin məqamlarında Azərbaycan xalqı həmişə öz oğullarının, liderlərinin qeyrətinə sığınmışdır. Tarixin ibrət dərsləri bir daha göstərir ki, böyük tarixi şəxsiyyət zirvəsinə yüksələn əsl lider olmadan xalqın həyatını zənginləşdirən möhtəşəm hadisələri, tarixi qələbələri təsəvvür etmək mümkün deyil. Hər bir xalqın həyatında elə həqiqət anı yetişir ki, məhz həmin anda xalq bütün dünyaya özünün kimliyini tanıdır. Azərbaycanlılar üçün əsl həqiqət anına çevrilən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbələr bir daha bütün dünyanın gözü qarşısında Azərbaycan xalqını işğala boyun əyməyən, tarixi ədalətsizliklə barışmayan, öz haqları uğrunda mübarizə aparan yenilməz bir xalq kimi nümayiş etdirdi.
Şanlı Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşməni bir daha məğlub etməyə nail oldu. Bu dəfə 23 saat 43 dəqiqəyə məsələ həll olundu. Yəni 24 saat belə tam dolmadan erməni silahlı birləşmələri ağ bayraq qaldıraraq, təslim oldular, Azərbaycanın şərtlərini yerinə yetirməyi qəbul etdilər. Heç şübhəsiz bu, Prezident və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və prinsipial mövqeyinin təzahürüdür. Dövlət başçısının uğurlu siyasəti nəticəsində Azərbaycan yeni uğurlara imza atır. Son olaraq lokal antiterror tədbirlərinin zəfərlə başa çatdırılması və hədəfə nail olunması buna ən gözəl nümunədir. Azərbaycan bir daha göstərdi ki, öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına əsla icazə verməyəcək. Ermənistan növbəti dəfə ölkəmizə qarşı təxribat törədəcəyi təqdirdə onun dövlət kimi mövcudluğu sual altına düşəcək. Çünki onların qarşısında Cənubi Qafqazın ən güclü ordusu dayanır.
Sentyabr əməliyyatı Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ açmış, ölkəmizin suverenliyini tam şəkildə bərpa etmişdir. Azərbaycan xalqı 19–20 sentyabr tarixlərini milli qürur və Zəfər günü kimi yad edəcək, dövlətimizin gücünü və birliyini nümayiş etdirəcəkdir. Bu əməliyyat Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün qorunması və regionda sülhün təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. Nəticə etibarilə, 2023-cü il 19–20 sentyabr antiterror əməliyyatı Azərbaycan Respublikasının suverenliyinin bərpası, Qarabağda qanunsuz silahlı birləşmələrin aradan qaldırılması və mülki əhalinin təhlükəsizliyinin təmin olunması baxımından tarixi hadisədir. Azərbaycan Ordusunun qəhrəmanlığı, strateji bacarığı və humanist yanaşması bu qələbəni mümkün etmiş, ölkəmizin beynəlxalq nüfuzunu və regional təhlükəsizliyini daha da möhkəmləndirmişdir.
Ermənilərin bu illər ərzində mövcud olan qanunsuz hərbi birləşmələri tərksilah olundu. Oradakı separatçı rejim də özünü buraxmalı və ərazi tam Azərbaycanın nəzarətinə keçməlidir. Azərbaycan qanunları həmin ərazilərdə də sona qədər bərpa olunmalıdır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bu gün, sözün əsl mənasında, hər bir azərbaycanlının və bütöv Azərbaycanın ürəyi Qarabağda, azad olunan tarixi torpaqlarımızda döyünür. Var olsun Müzəffər Ali Baş Komandanımız! Var olsun Şanlı Azərbaycan Ordusu!
Vüqar Muradov-YAP Sabunçu rayon təşkilatının fəal üzvü, Vətən müharibəsi iştirakçısı