Ulu öndərin siyasi kursunun layiqli davamçısı, cənab prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti milli gücünü daha da artırdı

Ulu öndərin siyasi kursunun layiqli davamçısı, cənab prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti milli gücünü daha da artırdı
Azərbaycanın müasir dövlətçilik tarixində Qarabağ məsələsinin həllində Ulu öndər Heydər Əliyevin müstəsna rolu vardır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini dağılmaq təhlükəsindən xilas etdi, ordu quruculuğunu əsas prioritetə çevirdi. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan ordusu formalaşdı, beynəlxalq müstəvidə Qarabağ məsələsi diqqət mərkəzinə gətirildi və gələcək qələbələrin təməli qoyuldu.
Ulu öndərin siyasi kursunun layiqli davamçısı, cənab prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti milli gücünü daha da artırdı. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfər, 2023-cü ilin sentyabr əməliyyatı ilə davam etdirilərək Azərbaycanın ərazi bütövlüyü tam təmin edildi. Bu gün dünya ictimaiyyəti Azərbaycanı qətiyyətli, prinsipial və ədalətli siyasət yürüdən dövlət kimi qəbul edir.
2020-ci il 10 noyabr bəyanatına baxmayaraq, Qarabağ ərazisində qanunsuz erməni silahlı birləşmələri qalmışdı. Onlar təkcə mövcudluqlarını davam etdirməklə kifayətlənməyib, müxtəlif təxribatlara əl atır, yeni istehkamlar qurur, Azərbaycanın suverenliyini şübhə altına almağa çalışırdılar. 2023-cü ilin 19 sentyabrında isə hərbi qulluqçularımızın və mülki şəxslərimizin mina terroru nəticəsində şəhid olması artıq dözümlü davranmağa imkan qoymadı. Azərbaycan Ordusu lokal antiterror tədbirlərinə başladı.
Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat zamanı Azərbaycan Ordusu yüksək dəqiqlikli silahlarla düşmənin hərbi obyektlərini sıradan çıxardı. 400-dən çox kvadratkilometr ərazi tam nəzarətə götürüldü. Separatçılar təslim oldu, silah və texnika təhvil verildi. Ən əsası isə — mülki əhali hədəfə alınmadı, əksinə, onların təhlükəsizliyi üçün xüsusi tədbirlər görüldü. İnsanlara SMS vasitəsilə xəbərdarlıqlar göndərildi, səsgücləndiricilərdən istifadə edildi, tibbi yardım təşkil olundu. Azərbaycan bu əməliyyatda da humanizm prinsipini əsas götürdü.
Azərbaycan Ordusunun əsas qayəsi yalnız silahlı dəstələrin zərərsizləşdirilməsi idi. Buna görə də əməliyyat boyu mülki yaşayış məntəqələrinə, dinc əhaliyə zərər dəymədi. Bu, müasir hərb tarixində nadir nümunədir. Ordumuz düşmən mövqelərinə zərbələr endirsə də, məktəblər, xəstəxanalar, yaşayış evləri toxunulmaz qaldı. Beləliklə, Azərbaycan dünyaya göstərdi ki, hərbi əməliyyatlar apararkən də humanist prinsiplərə sadiq qalmaq mümkündür.
Əməliyyatdan dərhal sonra separatçı qüvvələr təslim oldu və 28 sentyabr 2023-cü ildə qondarma rejimin ləğvi barədə qərar imzaladı. Bu, Qarabağda dövlətimizin tam suverenliyinin rəsmən təsdiqi oldu. Xankəndi, Xocalı, Ağdərə və digər şəhərlərdə üçrəngli bayrağımız ucaldıldı. Cənab prezident, Ali Baş Komandan İlham Əliyevin şəxsən bu torpaqlarda bayraq qaldırması isə tarixi qələbənin rəmzinə çevrildi.
19–20 sentyabr antiterror əməliyyatı bir daha göstərdi ki, Azərbaycan dövləti heç vaxt öz suveren hüquqlarından imtina etmir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu güclü dövlətçilik təməli, cənab prezident İlham Əliyevin siyasi iradəsi və ordumuzun peşəkarlığı nəticəsində ölkəmiz müasir tarixinin ən möhtəşəm səhifəsini yazdı.
Bilgəh qəsəbəsi, 142 nömrəli tam orta məktəbin
kimya-biologiya müəllimi Elməddin Əhmədov

Oxşar xəbərlər