BAĞLAYIBYuxumda da yarı suyam, yarı şam,
Yanan könlüm məni yara bağlayıb.
İstəyirəm zamanla da yarışam,
Vaxt-vədəsiz sinəm yara bağlayıb.
Görürəm ki, yarım gəlin, mən bəyəm,
İki gözdən axan selə mənbəyəm,
Soruşuram, yaralıyam mən, bəyəm,
Yar başına niyə qara bağlayıb.
Savaşdı düşmənə düşmüşəm əsir,
Üstümüzdən tufan, boran, qar əsir,
Əl tutduğum mənim qolumu kəsir,
Namərd dost gözümə qara bağlayıb.
Güc tapıram bir az özüm-özümdə,
Oyanıram mən yuxudan özüm də,
Yozuram ki, arzum qalıb gözümdə,
Bəs taleyim məni hara bağlayıb.
Öz elimə, vətənimə bağlayam,
Qəriblikdə əli-qolu bağlayam,
Mən şairəm, axı haqqa bağlayam,
O da yolumu bu ara bağlayıb.
Yaranmışam bəlkə mən bəxti qara,
Qaraxanın günü olubdu qara,
Avazım öyrəşib çovğuna, qara,
Bu da məni saza, tara bağlayıb.