Beynəlxalq arenada rastlaşdığımız çoxsaylı ədalətsiz yanaşmalar və qarşılaşdığımız ikili standartlar xalqımızın inamını bir an belə sarsıtmadı, Azərbaycan xalqının, dövlətinin və Azərbaycan Liderinin dəmir iradəsinə təsir göstərmədi. Tarixinin ən çətin məqamlarında Azərbaycan xalqı həmişə öz oğullarının, liderlərinin qeyrətinə sığınmışdır. Tarixin ibrət dərsləri bir daha göstərir ki, böyük tarixi şəxsiyyət zirvəsinə yüksələn əsl lider olmadan xalqın həyatını zənginləşdirən möhtəşəm hadisələri, tarixi qələbələri təsəvvür etmək mümkün deyil. Hər bir xalqın həyatında elə həqiqət anı yetişir ki, məhz həmin anda xalq bütün dünyaya özünün kimliyini tanıdır. Azərbaycanlılar üçün əsl həqiqət anına çevrilən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbələr bir daha bütün dünyanın gözü qarşısında Azərbaycan xalqını işğala boyun əyməyən, tarixi ədalətsizliklə barışmayan, öz haqları uğrunda mübarizə aparan yenilməz bir xalq kimi nümayiş etdirdi.
“Lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir”.
Bu sözləri Prezident İlham Əliyev ötən gün xalqa müraciətində deyib. Dövlətimizin başçısı vurğulayıb ki, antiterror tədbirləri nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət və peşəkarlıq göstəriblər:
Şanlı Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşməni bir daha məğlub etməyə nail oldu. Bu dəfə 23 saat 43 dəqiqəyə məsələ həll olundu. Yəni 24 saat belə tam dolmadan erməni silahlı birləşmələri ağ bayraq qaldıraraq, təslim oldular, Azərbaycanın şərtlərini yerinə yetirməyi qəbul etdilər. Heç şübhəsiz bu, Prezident və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və prinsipial mövqeyinin təzahürüdür. Dövlət başçısının uğurlu siyasəti nəticəsində Azərbaycan yeni uğurlara imza atır. Son olaraq lokal antiterror tədbirlərinin zəfərlə başa çatdırılması və hədəfə nail olunması buna ən gözəl nümunədir. Azərbaycan bir daha göstərdi ki, öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına əsla icazə verməyəcək. Ermənistan növbəti dəfə ölkəmizə qarşı təxribat törədəcəyi təqdirdə onun dövlət kimi mövcudluğu sual altına düşəcək. Çünki onların qarşısında Cənubi Qafqazın ən güclü ordusu dayanır.
Onlar Azərbaycanın mülki və hərbi vətəndaşlarına qarşı terror və təxribat əməllərini daha da intensivləşdirirdilər. Təbii ki, buna sonsuza qədər dözmək mümkün deyildi. Rəsmi Bakı onların silahı yerə qoymayacağı təqdirdə tədbir görüləcəyini dəfələrlə elan etmişdi. Və nəhayət sentyabrın 19-da Azərbaycan Ordusu lokal antiterror tədbirləri həyata keçirmək məcburiyyətində qaldı. Üstəlik, çox qısa zamanda hədəflərimizə çatdıq. Bu, həqiqətən də misli görülməmiş hərbi əməliyyat idi. Hesab edirəm ki, bununla bağlı hələ çox danışılacaq. Çünki 24 saat ərzində faktiki olaraq 30 il ərzində xüsusilə Ağdam yaxınlığında qurulmuş istehkamlar və qazılmış səngərlər məhv edildi. Ermənilərin ağır hərbi texnikaları və artilleriya qurğularının mövcud olduğu bir şəraitdə Azərbaycan 10 minlik orduya qarşı cəmi 24 saat ərzində əməliyyat həyata keçirərək, onları ağ bayraq qaldırmağa məcbur etdi”. Bu, Azərbaycan Ordusunun möhtəşəmliyindən xəbər verir: “Təbii ki, bu addım atılana qədər də ciddi əmək ortaya qoyulmuşdu. Bizim qəhrəman əgərlərimiz bütün perimetr üzrə əməliyyat məlumatlarını tam olaraq əldə etmişdi. Beləliklə, lazım olan anda bu addım atıldı. Azərbaycan öz suveren hüquqlarını növbəti dəfə bərpa etdi, Konstitusiya quruluşumuzun əsaslarına çox ciddi təhdid olan qeyri-qanuni erməni hərbi birləşmələrini tərksilah etdi. Bu, ölkəmizin suveren hüququdur. Eyni zamanda, Konstitusiyamızdan irəli gələn müddəaları bərpa etdik, beynəlxalq hüququn norma və prinsiplərinə müvafiq addımlar atdıq. Ona görə də heç kim Azərbaycanı antiterror əməliyyatlarına görə qınaya bilməz”.
Ermənilərin bu illər ərzində mövcud olan qanunsuz hərbi birləşmələri tərksilah olundu. Oradakı separatçı rejim də özünü buraxmalı və ərazi tam Azərbaycanın nəzarətinə keçməlidir. Azərbaycan qanunları həmin ərazilərdə də sona qədər bərpa olunmalıdır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bu gün, sözün əsl mənasında, hər bir azərbaycanlının və bütöv Azərbaycanın ürəyi Qarabağda, azad olunan tarixi torpaqlarımızda döyünür. Var olsun Müzəffər Ali Baş Komandanımız! Var olsun Şanlı Azərbaycan Ordusu!
Maştağa qəsəbəsi, 209 nömrəli tam orta məktəbin
təsərrüfat işləri üzrə direktor müavini Vahidə Sultanova