20 Oktyabr Zəngilan Şəhəri Günüdür!

20 Oktyabr Zəngilan Şəhəri Günüdür! Zəngilan rayonu Kiçik Qafqazın cənub-şərqində,Arazın sol sahilində yerləşir.Şimaldan Qubadlı,şərqdən Cəbrayıl rayonu,cənubdan Araz çayı boyunca İran İslam Respublikası,qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir.
Rayonun ərazisi müxtəlif dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalmışdır.XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni inzibati-ərazi bölgüsü aparılmış,1868-ci ildə Yelizavetpol quberniyası,onun tərkibində də Şuşa,Yelizavetpol və Zəngəzur qəzaları yaradılmışdır.Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilmişdir.
1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal etdilər.Qəzanın yuxarı hissəsi Ermənistanın,Laçın,Qubadlı Və Zəngilan bölgələri Azərbaycanın tərkibində qaldı.
Zəngilan rayonu coğrafi mövqeyinə, torpaq və iqlim xüsusiyyətlərinə görə füsunkar gözəlliyə,zəngin təbiətə malikdir.Ərazidə bir sıra faydalı qazıntılar-tikinti daşı,qızıl yatağı,qara mərmər yatağı,əhəng xammalı,susuzlaşdırılmış soda üçün əhəng daşı vardır.Məhz bu zənginlik mənfur düşmənlərin həmişə diqqət mərkəzində olmuşdur.Nəticədə 1993-cü ilin oktyabrın 30-da Zəngilan rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.O günü yaşayanlar bu gün də eyni ağrı-acı ilə xatırlayırlar.Zəngilan əhalisi 67 gün tam mühasirə şəraitində son anadək ermənilərlə vuruşaraq 235 nəfər itki verdi.Bu zaman zəngilanlıların köməyinə ümummilli lider Heydər Əliyev gəldi.O,İran İslam Respublikası ilə danışıq apararaq əhalinin Araz çayını keçib İran Respublikası ərazisi ilə Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşmasına şərait yaratmışdır.
İşğaldan əvvəl şəhər ərazisində onlarla milli və dini-tarixi abidələr mövcud olmuşdur.işğal nəticəsində Zəngilandakı adidələr,mədəniyyət ocaqları,məscidlər dağıdılıb,həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri məhv edilmişdir.Şəhərin yerüstü və yeraltı sərvətləri ermənilər tərəfindən talan edilmişdir.
Qüdrətli Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri oktyabrın 20 də işğaldan azad olundu.Doğma Zəngilanın azad olunması şərəfinə 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi.Rayonun azad olunması uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşan Azərbaycanın Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu bu medalla təltif edimişdir.
Müzəffər ordumuz 44 günlük Vətən müharibəsini Zəfərlə bitirdikdən sonra həmin ərazilədə dərhal quruculuq və yenidənqurma işlərinə başlanmışdır. Cənab Ali Baş Komandan İlham Əliyevin bu ərzilərə səfər edərək quruculuq işləri ilə tanış olması artıq ənənə halını almışdır.
23.12.2020-ci il tarixli zəfər Zəngilanda Azərbaycan bayrağının qaldırılması ilə yaddaşlarda həkk olundu.
14.02.2021-ci il tarixli səfərdə rayona dəymiş ümumi ziyanının dəyərləndirilməsi və görüləcək işlərin planlaşdırılması həyata keçirildi.
26.04.2021-ci tarixli səfər zamanı ölkə başçısı Zəngilan şəhərinin sakinləri ilə görüşdü.Zəngilanın 1-ci,2-ci,3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd”layihəsinin təməlqoyma mərasimi oldu.
Cənab Prezidentin növbəti səfərlərində Zəngilan Beynəlxalq Hava Limanın,Zəngilan məscidinin bərpa işləri ilə tanış olmuş, “Ağıllı kənd”layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak etmişdir.Ölkə başçısı “Azərenerji”ASC-nin11\35\10kv-luq“Zəngilan”yarımstansiyasının açılışında, Zəngilan rayonunda Rəqəmsal Yarımstansiyanın təməlqoyma mərasimində iştirak edib.
Qarabağın “yaşıl enerji”zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu vardır.Zəngilanda günəş enerjisinin böyük potensialı mövcuddur.Azad edilmiş torpaqlarda enerji generasiya gücləri,ötürücü xətlərin yenidən qurulması sayəsində bitkiçilik,meyvəçilik,heyvandarlıq daha sürətlə inkişaf edəcək.
Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilib.Sərhəd boyunca bütün lazimi istehkam və mühafizə işləri görülməyə başlanmışdır.
Dövlət başçımızın 2023-cü il iyulun 31-də imzaladığı müvafiq sərəncama əsasən şəhərin azad edildiyi 20 Oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur.Bu sərəncam Vətən müharibəsində qüdrətli ordumuzun qazanmış olduğu tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır.
Mazanova Hicran
128 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi


Oxşar xəbərlər