XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış yeni inzibati ərazi bölgüyə əsasən Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. 44 günlük Vətən Müharibəsində müzəffər ordumuzun qazandığı ən böyük uğurlardan biri də Zəngilan rayonunun düşmən tapdağından azad edilməsi idi. Bizi şanlı zəfərimizə bir addım daha da yaxınlaşdıran, sevincimizə sevinc qatan bu müjdəli xəbəri məhz Ali Baş Komandan, Prezident İlham Əliyev 20 oktyabr 2020-ci il tarixində xalqa müraciətində bildirmişdir. Zəngilan rayonu həm coğrafi mövqeyinə həm də strateji əhəmiyyətinə görə çox vacib ərazidir. Məhz buna görə də Zəngilanın işğaldan azad olunması şanlı qələbəmizin qazanılmasında çox mühüm əhəmiyyətə malikdir. Bununla belə Zəngilan həm də çox keşməkeşli tarixə malik ərazidir. Rusiyanın işğalı zamanı 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibinə idi. XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılır. 1868-ci ildə Yelizavetpol quberniyası yaradılır. Onun tərkibində Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları yaradılır. Yeni bölgüyə əsasən Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilir. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb.
Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon olmuşdu. Qonşu Qubadlı və Cəbrayılın işğalı nəticəsində mühasirəyə düşən rayon əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə gördü. Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı.
Bu gün işğaldan azad olunan Zəngilanımız yenidən dirçəlməkdədir. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz tarixi qələbədən sonra İşgaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Zəngilan rayonunda da dayanmadan, fasiləsiz bərpa işlərinə start verilib. Böyük tikinti meydanına çevrilən bölgələrdən biri olan Zəngilan rayonu həm də Şərqi Zəngəzur iqtisadi rayonunun qapısıdır, iqtisadi, siyasi-hərbi cəhətdən strateji əhəmiyyət kəsb edir. Zəngilan rayonu müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən qızıl, civə, mis, qurğuşun və sink, molibden, üzlük və mişar daşı, sement xammalı, müxtəlif növ tikinti və sənaye mallarına görə zəngin resurslara malikdir. Bütün bunlar rayonun iqtisadi əhəmiyyətini artırır və xarici investorların marağına səbəb olmaqdadır. Artıq xarici şirkətlər burada layihələrə başlamaqdadır. Bildiyimiz kimi, Türkiyə, Cənubi Koreya, İtaliya, İsrail, Çin, Rusiya və digər ölkələrin şirkətləri kifayət qədər böyük layihələr icra edəcək ki, bu da Zəngilanın iqtisadiyyatımıza inteqrasiyasını gücləndirəcək, xarici ölkələrə çıxışını təmin edəcək və burada yeni iş yerlərinin yaradılmasına böyük töhfə verəcək.
Sabunçu qəsəbəsi, 68 №-li tam orta məktəbin
direktor müavini Asiman Paşayev