Zəngilan rayonunun işğaldan azad edilməsinin həm tarixi, həm siyasi, həm də iqtisadi əhəmiyyəti isə sözsüz ki, danılmazdır

Zəngilan rayonunun işğaldan azad edilməsinin həm tarixi, həm siyasi, həm də iqtisadi əhəmiyyəti isə sözsüz ki, danılmazdır
Zəngilan rayonu Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Ərazisi 730 kv. km, əhalisi 45473 nəfərdir. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Ərazisi orta və alçaq dağlar sahəsindədir, mürəkkəb, parçalanmış səth quruluşuna malikdir.Rayonda çöküntü suxurlarından başqa vulkanik materiallar-yura, təbaşir çöküntüləri yayılmışdır.
Ərazidə bir sıra faydalı qazıntılar-tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır.
Rayonun bitki örtüyü Araz palıdı bitən kerofit meşələr, mərkəzi hissədə və şimalda kolluqlardan ibarətdir. Rayonun ərazisində iki iqlim tsikli qərarlaşıb. Bunların əsasını mülayim isti iqlim və qışı quraq keçən yarımsəhra-çöl iqlimi təşkil edir.Zəngilan düzənlərin, yüksəkliklərin, çay axarlarının yaratdığı dərələrin bir-birini əvəzlədiyi mürəkkəb, həm də maraqlı, gözoxşayan yer quruluşuna malikdir.
Ərzidə 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi. Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətcə əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Rayonun ərazisi coğrafi mövqeyinə, iqlim və təbiətinə görə digər bölgələrdən fərqlənir. Ərazinin özünəməxsus iqlimi və təbiəti vardır. Zəngilanın Bəsitçay çayı hövzəsində böyük bir ərazidə təbii çinar meşəsi mövcuddur. Yüzilliklərdən keçib gələn təbii Çinar meşəsi sahəsinə görə planetdə ikinci, Avropada birinci olan dünyaşöhrətli füsünkar bir məkandır.
Zəngilan rayonu Respublikada ərazisindən dörd daimi axarlı çay keçən yeganə, unikal bir ərazi vahididir. Qədim adət-ənənələrin qorunub saxlandığı, qonaqpərvər, zəhmətkeş, qanunsevər, dövlətə, dövlətçiliyə sədaqətli insanların məskənidir.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib. 27 ildən sonra rəşadətli Azərbaycan Ordusu Zəngilanı düşməndən azad etdi. Bununla da Müstəqil Azərbaycanın zəfər salnaməsində yeni bir səhifə açıldı. Zəngilan rayonunun işğaldan azad edilməsinin həm tarixi, həm siyasi, həm də iqtisadi əhəmiyyəti isə sözsüz ki, danılmazdır. Artıq, Zəngilan düşməndən azad olunmuş şəhərlərimizin sırasındadır. Zəngilanın işğal tarixi onun azad olma tarixi ilə əvəz olunmuş, Qələbə ruhlu 20 oktyabr 2020 tarixi şərəf və qürur tariximizə çevrilmişdir. Qazanılan qələbələr təkcə silahın gücü deyil, həm də Prezidentimizin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun məntiqi nəticəsidir. Bu gün Prezident İlham Əliyevin əməli addımları, dünyanın nüfuzlu telekanallarında ingilis, rus, türk və doğma Azərbaycan dilimizdə müsahibələrində Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə onların başa düşəcəyi dildə çox böyük qətiyyətlə çatdırması informasiya müharibəsində də ciddi irəliləyişlərə dəlalət etmişdir. Bəli, bu qələbə Ali Baş Komandanımızın, bizim birliyimizin qələbəsidir, haqq işimizin, Müzəfər Ordumuzun gücünün, rəşadətli əsgərlərimizin, Azərbaycan xalqının iradəsinin qələbəsidir! Müzəffər ordumuz 44 günlük Vətən müharibəsini Zəfərlə bitirdikdən dərhal sonra Ali Baş Komandanın işğaldan azad edilən ərazilərə səfərlər etməsi və bu ərazilərdə abadlıq quruculuq işlərinin aparılması artıq ənənə halını alıb. Artıq həmin ərazilər abadlaşır, həyat öz axarına düşür. Bunun üçün artıq heç bir maneə yoxdur. Bundan sonra illər ötsə də Azərbaycan xalqı bu şanlı zəfərlər barədə faktları, tarixi hadisələri nəsillərdən-nəsillərə ötürəcək, xatirəsini əbədiləşdirəcək. Heç şübhəsiz ki, bu tarix bir örnəyə çevriləcək. İşğal altında olan ərazilərimizin, eləcə də Zəngilan torpağının işğaldan azad edilməsində cəsurluq göstərən, döyüşən, əzm və iradə nümayiş etdirənlər hər bir Azərbaycan vətəndaşı, bu xalqın hər nümayəndəsi üçün bundan sonra nümunə sayılacaq və bu günün bir tarixi əhəmiyyəti də məhz bundan ibarətdir. Məhz bu baxımdan Zəngilanın işğaldan azad olunması tarixi hər zaman xatırlanacaq, təbii ki, hər il bu tarix ildönümü kimi qeyd olunacaq, ehtiramla yad ediləcək, qürur və fəxarət hissi ilə xatırlanacaq.


Maşağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Ceyhun Sadizadə


Oxşar xəbərlər