1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. Rayonun işğalından sonra cəbrayıllı məcburi köçkünlər ölkənin 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşdılar.
1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub.
2016-cı il Aprel döyüşləri zamanı isə Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib.
2020-ci ilin oktyabrın 4-də Vətən müharibəsinin gedişatında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndinin işğaldan azad olunduğunu elan edib.
İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhəri və 80 kəndi işğaldan azad olunub.
Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edilib.
Vətən müharibəsində düşmən üzərində qalib gəldikdən 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da cənab Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Cənab Prezident İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb.
Cəbrayılın işğaldan azad edilməsi böyük Zəfərin başlanğıcı idi. Ali Baş Komandan: “Biz bu günlər xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq, tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində – 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar... Biz bütün şəhərləri bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq...”
Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə dövlət başçısı tərəfindən 31 iyul 2023-cü il tarixində sərəncam imzalanıb. Sərəncamla 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan olunub.
4 oktyabr xalqımızın şərəf günüdür. Böyük Zəfərin ilk müjdəsi olmuş günümüz mübarək!
Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
laborantı Cahan Mahmudova