1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub

1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində - Araz çayının sol sahilində - cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir.
1993-cü ilin avqust ayının 23-də Cəbrayıl rayonu bütövlükdə erməni təcavüzkarları tərəfindən işğala məruz qalmışdır. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 398 nəfər cəbrayıllı şəhid omuşdur. 6 nəfər cəbrayıllı isə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq gorülmüşlər. Rayonun 90 kəndi, bir şəhəri, o cümlədən 127 tarixi abidə, 2 muzey və 5 məscid işğal olunmuşdur. Ümumilikdə, işğal nəticəsində rayona 7508,0 milyon ABŞ dolları məbləğində ziyan dəymişdir. İşğaldan əvvəl rayonda 510 çarpayılıq xəstəxana birləşmələri, 72 məktəb, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 78 kitabxana və. s fəaliyyət göstərirdi. Rayonun tarix diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardır. Rayonun tibb müəssisələrində 92 həkim, 432 nəfər orta ixtisaslı tibb işçisi, 301 texniki işçi çalışırdı. Yetişməkdə olan nəslin təlim tərbiyəsi ilə 1600 nəfərdən çox müəllim məşğul olurdu. Rayonun əhalisi hazırda 66934 nəfərdir. Hazırda məcburi köçkünlərimiz respublikamızın 58 şəhər və kənd rayonunun 2000-ə yaxın yaşayış məntəqəsində müvəqqəti məskunlaşmışlar.
1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib.
2020-ci ilin oktyabrın 4-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndinin işğaldan azad olunduğunu elan edib. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhəri və 80 kəndi işğaldan azad olunub. Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti bərpa edilib. Vətən Müharibəsi başa çatandan az sonra – 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdi. İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Hər kəsə bəllidir ki, qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandanın bu körpüdə Azərbaycan bayrağını ucaltması böyük tarixi, siyasi önəm daşıyırdı. Çünki Xudafərin xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxıb. Xudafərin bizim üçün milli qürur məsələsidir. Cəbrayıl rayonunun azad edilməsi uğrunda döyüşən, canından keçən qəhrəman oğullarımızı xalqımız və dövlətimiz unutmur, onların sücaəti yüksək qiymətləndirilir.
Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22744 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı təsdiq edilib, hazırda Cəbrayılda 200 hektarı əhatə edən böyük bir layihə icra olunur, 4-6 zolaqlı yol çəkilir, SOCAR və BP 240 meqavatlıq günəş elektrik stansiyasının inşasını planlaşdırır. Onu da xüsusi məqam kimi bildirmək lazımdır ki, vətəndaşlar Cəbrayıldan keçməklə Zəngəzur dəhlizindən istifadə edə biləcəklər. Bütün bunlarla yanaşı Prezident İlham Əliyevin iştirakı ilə Cəbrayılda “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, ilk çoxmənzilli yaşayış məhəlləsinin, Memorial Kompleksin və şəhərin bərpasının təməlqoyma mərasimləri keçirilib, “Cəbrayıl” yarımstansiyanın, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışı olub.
Azərbaycan əhalisi prezident İ.Əliyevin nəzarəti altında Cəbrayıl rayonunun bərpasını böyük ruh yüksəkliyi ilə izləyir və tam dəstəkləyir.

Zabrat qəsəbəsi, 75 saylı tam orta məktəbin
tarix müəllimi Asif Hüseynov



Oxşar xəbərlər