Hal-hazırda Cəbrayılda bərpa-quruculuq işləri aparılır

Hal-hazırda Cəbrayılda  bərpa-quruculuq işləri aparılır
Düz üç il bundan əvvəl oktyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl şəhərini işğalçılardan azad etdi. 1993-cü il 23 avqust tarixində Ermənistan tərəfindən işğal olunmuş Cəbrayıl şəhərində yenidən və əbədi olaraq üçrəngli bayrağımız dalğalandı. Cəbrayılın azad olunmasının böyük mənası var idi. Bu qələbə sonrakı hadisələrin möhtəşəm başlanğıcı idi: ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bu, bizim Ordumuza güc verdi, inam verdi. Lakin bu qələbəyə gedən yol asan olmadı.
Birinci Qarabağ müharibəsi gedişində Cəbrayıl əhalisi erməni işğalçılarına qarşı rəşadətlə vuruşmuşdur. 1993-cü ildə Azərbaycan ordusunun döyüş qabiliyyəti sarsılmış, ordu içinə siyasi ünsürlər daxil olmağa başlamış və bunun nəticəsində Ağdam rayonu işğal olunmuş, Cəbrayıl və Füzuli rayonlarının işğalı üçün real zəmin yaranmışdır. Birinci Qarabağ müharibəsi gedişində Cəbrayıl rayonu ümumilikdə 400 nəfərə yaxın şəhid vermişdir. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarında məskunlaşmışdır.
1994-cü il Horadis əməliyyatı zamanı şəhər mərkəzinə və Xudafərin körpüsü istiqamətində milli ordu irəliləsə də, Cəbrayılın yalnız Cocuq Mərcanlı kəndi azad olundu. 2 aprel 2016-cı ilin aprelində Cocuq Mərcanlı kəndində yerləşən Lələ təpə yüksəkliyi Dördgünlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.
2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan ordusu “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Azərbaycanın müzəffər ordusu tərəfindən aparılan hərbi əməliyyatlar nəticəsində 4 oktyabr tarixində Cəbrayıl şəhəri və 90 kənd işğaldan azad edildi.
2020-ci noyabrın 26-da “ Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Cəbrayıl ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır. Cəbrayıl əməliyyatının digər əhəmiyyəti ondan ibarət idi ki, Cəbrayılın azad olunmasından sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks-hücumumuz mümkün olmuşdur. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və Zəngilan, daha sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.
Prezident İlham Əliyevin 31 avqust 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən, 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub.
Hal-hazırda Cəbrayılda bərpa-quruculuq işləri aparılır: “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması, Cəbrayıl yarım-stansiyasının istifadəyə verilməsi, Cəbrayıla yol çəkilməsi, rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi önəmli hadisələrdəndir. Biz müharibəni Zəfərlə başa vurduq. İndi sülh dövrünü də zəfərlə başlamışıq, zəfərlə başa vuracaq.

Bakıxanov qəsəbəsi, 213 №-li məktəb-liseyin
direktor əvəzi Məleykə Abışova

Oxşar xəbərlər