Bu gün Cəbrayıl Şəhəri Günüdür. Prezident cənab İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün - oktyabrın 4-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub.
Qeyd etmək lazımdır ki, Cəbrayıl rayonu strateji əhəmiyyətinə görə hər zaman diqqət mərkəzində olub. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən cəmi üç ay sonra, 1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı nəticəsində rayonun Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyinin düşməndən təmizlənməsi nəticəsində Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. İyirmi yeddi illik həsrətdən sonra 2020-ci il oktyabrın 4-də Cəbrayıl rayonunun erməni işğalından azad olunması Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaradıb. Rəşadətli Ordumuzun Zəfərə gedən yolunda mühüm qələbələrindən biri Cəbrayıl şəhərinin düşməndən təmizlənməsi oldu. Xalqımız bu xəbəri böyük coşqu ilə qarşıladı və Cəbrayıl işğaldan azad edilən ilk şəhər kimi Zəfər tarixinə həkk oldu.
2020-ci il oktyabrın 4-də Prezident İlham Əliyev xalqa müraciət edib: “Bu gün cəbrayıllılar, əlbəttə ki, sevinc içindədirlər, necə ki, bütün Azərbaycan xalqı. Dünən bizim qədim yaşayış yerimiz – Suqovuşan qəsəbəmiz işğaldan azad edildi. Bütün Azərbaycan xalqı bu tarixi hadisəni qeyd edirdi, bir-birini təbrik edirdi, göz yaşlarını saxlaya bilmirdi. Bu, sevinc göz yaşlarıdır. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi. Bu gün Azərbaycan xalqı sevinc içindədir. Cəbrayıllılara və bütün Azərbaycan xalqına bu gün azad edilmiş yaşayış məntəqələrinin adlarını sadalamaq istərdim. Bu gün şanlı Azərbaycan Ordusu aşağıdakı yaşayış məntəqələrini azad edib: Cəbrayıl şəhəri, Karxulu kəndi, Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi, Çərəkən kəndi, Daşkəsən kəndi, Horovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi, Cəfərabad kəndi”.
Prezidentin söylədiyi kimi, Böyük Qayıdışımız Cəbrayıldan, Cocuq Mərcanlı ilə başlayıb və İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə bağlıdır. Cəbrayılın azad edilməsi ilə 130 kilometr Azərbaycan-İran sərhədi də işğalçılardan təmizləndi. Vətən müharibəsi başa çatandan az sonra - 2020-ci il noyabrın 16-da Prezident, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan Bayrağını ucaltdı. Qədim Xudafərin körpüsünün azad edilməsi və burada bayrağımızın ucaldılması, əlbəttə ki, böyük tarixi önəm, məna daşıyırdı. Çünki Xudafərin xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxıb.
İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Cəbrayıl rayonunda da yenidənqurma və bərpa işləri operativ və sistemli şəkildə davam etdirilir, sakinlərin öz ata-baba yurdlarında rahat və firavan yaşaması üçün bütün infrastruktur yaradılır. Həmçinin məşğulluğun yüksək səviyyədə təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Dövlətimizin başçısı Cəbrayıl rayonuna mütəmadi səfərlər edərək görülən işlərlə yaxından tanış olur, təməlqoyma və açılış mərasimlərində iştirak edir, müvafiq tapşırıq və tövsiyələrini verir. Yaxın gələcəkdə Cəbrayıl ölkəmizin inkişaf etmiş rayonlarından birinə çevriləcək.
Aysel Hüseynova,
Salyan şəhəri, gənc YAP fəalı