Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi, Azərbaycan Ordusu yarımçıq qalan işi 2020-ci ildə uğurla reallaşdırdı-Cəbrayıl bütövlükdə azad edildi.
Cəbrayıldan sonra Zəngilan, ondan sonra Qubadlı, Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi. Beləliklə, Laçın dəhlizini biz tam nəzarətə götürə bildik və bir daha demək istəyirəm, Soltanlı və Əmirvarlı kəndləri uğrunda bir neçə gün çox şiddətli döyüşlər gedirdi və bu, o yerlərdən biri idi ki, Ermənistan ordusu orada dirəniş göstərmişdi və orada böyük istehkamlar qurulmuşdu.
2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti var. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur simvoludur.Cəbrayıl rayonunun azad edilməsi uğrunda döyüşən, canından keçən qəhrəman oğullarımızı xalqımız və dövlətimiz unutmur, onların sücaəti yüksək qiymətləndirilir.
Otuz ilə yaxın bir dövrdə beynəlxalq birlik Qarabağ probleminin həlli məsələsində susdu və münaqişəni həll etmədi. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü demədi, ermənilərin xeyirinə olan status-kovunun mümkün qədər uzun müddət davam etməsinə çalışdılar. 27 il ərzində Azərbaycan danışıqlarda konstruktiv mövqedən çıxış eldi. Əvəzində, təcavüzkarın tamahı daha da böyüdü, yeni torpaqları işğal etmək iddiasına düşdü və Azərbaycana hücum etdi. Bunun qarşısını almaqdan ötrü Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu Vətən müharibəsinə başladı. Xalqın birliyindən güc alan qəhrəman ordumuz qısa müddət ərzindən işğalda olan torpaqlarımızı düşməndən azad etməklə uzun müddət ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdi. Doğma torpaqlarımızı azad etməklə xalqımız şərəfli tarix yazdı.
Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi və bu Qələbədən sonra bizim şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir. Cəbrayıllılar yaxşı bilirlər ki, müharibənin ilk günündə Cəbrayılın iki kəndi işğalçılardan azad edilmişdir – Böyük Mərcanlı və Nüzgar kəndi və Füzuli rayonunun 4 kəndi və bu, bizim birinci uğurumuz idi. Cəbrayılın azad olunmasından üç ilin keçməsindən sonra bunu daha dəqiq və aydın təhlil edərkən görürük ki, bu Qələbənin çox böyük əhəmiyyəti olmuşdur.
Qeyd edək ki, Cəbrayıl rayonu erməni işğalı zamanı vandalizimə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib. Başlıcası budur ki, Azərbaycan xalqı səbirsizliklə torpaqlarımızın azad olunacağı günü gözləyirdilər. İnsanlarımızda bu günün gələcəyinə inam itməmişdi. İnsanlarımızda bir inam var idi ki, biz gec-tez öz doğma torpaqlarımıza qayıdacağıq. Və bütün arzularımız çin oldu, Şəhər gününü də yüksək əhval-ruhiyyədə keçiririk.
Nuranə Hüseynzadə,
Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı