İnkişaf edən tərəfdaşlıq

İnkişaf edən tərəfdaşlıq Məşhur Məmmədov,
Millət vəkili


Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşə Azərbaycanın da dəvət alması ölkənin beynəlxalq arenada artan nüfuzun və üzv dövlətlərlə inkişaf edən tərəfdaşlığının mühüm göstəricisidir. Bu dəvət Azərbaycanın strateji mövqeyi və regional əməkdaşlıqdakı önəmli rolunun təsdiqidir.
Birgə əməkdaşlıq sahələri Azərbaycanın ŞƏT çərçivəsində daha da əhəmiyyətli bir rol oynayacağını göstərir.
Prezident İlham Əliyev cari ilin 4 iyul tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşdə çıxışı zamanı bir sıra mühüm məqamlara toxundu.
ŞƏT, Avrasiya məkanında təhlükəsizlik, iqtisadi inkişaf və mədəniyyət sahələrində əməkdaşlığı təşviq edən regional bir təşkilatdır. Təşkilata üzv dövlətlər arasında Çin, Rusiya, Hindistan və Pakistan kimi böyük dövlətlər də var. Azərbaycanın ŞƏT-in Zirvə toplantısına dəvət olunması, ölkənin bu təşkilatla əlaqələrinin daha da möhkəmləndiyini və regional əməkdaşlığa olan töhfəsinin artdığını göstərir.
Azərbaycan və ŞƏT üzv dövlətləri arasında əməkdaşlığın inkişaf etdiyi bir neçə mühüm sahə var. Bunlardan ən başlıcası enerji sektorunda əməkdaşlıqdır. Azərbaycan zəngin enerji resurslarına malikdir və bu resursların ŞƏT üzv dövlətlərinə çatdırılması əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Azərbaycan enerji infrastrukturunun inkişafı və təhlükəsizliyi sahəsində üzv dövlətlərlə sıx əməkdaşlıq edir.
Enerji sektoru ilə yanaşı Azərbaycan və ŞƏT üzv dövlətləri arasında ticarət və iqtisadi əlaqələr sürətlə inkişaf edir. İqtisadi forumlar və sərgilər vasitəsilə tərəfdaşlıq daha da gücləndirilir və yeni biznes imkanları yaradılır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Bu nəqliyyat dəhlizləri, regional ticarətin və logistikanın inkişafını təmin edərək, region ölkələri arasında iqtisadi inteqrasiyanı gücləndirir. Azərbaycan, strateji mövqeyindən istifadə edərək, bu dəhlizlərin effektivliyinin artırılmasında və logistika sahəsində yeniliklərin tətbiqində mühüm rol oynayır.
Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Yeni iqtisadi imkanlar üzərində işlənir. Azərbaycan tərəfdaşlar ilə birgə Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyir. Bu layihə, nəqliyyat dəhlizinin daha effektiv və təhlükəsiz istifadəsini təmin etməyə yönəlib. Rəqəmsallaşma, tranzit müddətlərinin qısaldılması, sənədləşmə proseslərinin sadələşdirilməsi və logistika xidmətlərinin optimallaşdırılması kimi sahələrdə əhəmiyyətli irəliləyişlərə səbəb olacaq.
Təhlükəsizlik və müdafiə məsəıələri də dövlətlər üçün prioritetdir. Regional təhlükəsizlik məsələlərində əməkdaşlıq, Azərbaycanın ŞƏT üzv dövlətləri ilə olan münasibətlərində əhəmiyyətli bir yer tutur. Birgə hərbi təlimlər və məlumat mübadiləsi, regionda sülh və stabilliyin təmin olunmasında vacib rol oynayır.
Mədəniyyət və təhsil sahələrində də əməkdaşlıq inkişaf edir. Azərbaycan və ŞƏT üzv dövlətləri arasında tələbə mübadiləsi proqramları, mədəni tədbirlər və təhsil layihələri bu sahədəki əlaqələri möhkəmləndirir.
Bir sözlə, Azərbaycanın regional və qlobal səviyyədəki nüfuzunun artması Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşdə də bir daha özünü təsdiqlədi.

Oxşar xəbərlər