Cari ilin iyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında görüş keçirilib. Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısına dəvət olunanlar sırasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də var idi.Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak etmək üçün “Müstəqillik” Sarayına gedib. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dövlətimizin başçısını şəxsən qarşılayıb. Səfər çərçivəsində Azərbaycan Prezidenti bir sıra dövlətlərin rəhbərləri ilə görüşlər keçirib və vacib sənədlər imzalanıb. Qardaş ölkələr olan Azərbaycan, Türkiyə və Pakistanın dövlət rəhbərlərinin də birgə görüşü baş tutub. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə ikinci dəfə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir. Azərbaycanın ŞƏT-lə əməkdaşlığı: 2015-ci ildə ŞƏT-ə üzv dövlətlərinin başçıları Şurasının iclasında Azərbaycana tərəfdaş statusun verilməsi ilə bağlı qərar qəbul edilib, 2016-cı ildə Pekində Azərbaycana ŞƏT-in dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında Memorandum imzalanıb. Azərbaycan Prezidenti artıq ikinci dəfədir ki, ŞƏT-ə üzv ölkələrin Zirvə toplantısına dəvət olunur. 2022-ci ildə isə ŞƏT-in Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə Görüşündə Prezident İlham Əliyev fəxri qonaq qismində iştirak edib.Azərbaycanın ŞƏT-ə dəvət olunması Prezident İlham Əliyevin beynəlxalq siyasi kursunun uğuru və ölkəmizin nüfuzunun göstəricisidir. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına daxil dövlətlərlə çox yüksək səviyyəli ikitərəfli münasibətləri var. Astanada sammit çərçivəsində Prezident İlham Əliyevin Rusiya, Çin, Türkiyə, Pakistan, Qazaxıstan dövlət başçıları ilə ikitərəfli görüşlər keçirilib. Bu görüşlərdə ölkələrarası ikitərəfli münasibətlərin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb. Şanxay Əməkdaşlıq Təşkilatı nəqliyyat, logistika, regional təhlükəsizlik, iqtisadi və siyasi əməkdaşlıq, humanitar əməkdaşlıq və digər sahələri üzrə münasibətlərin inkiafına töhfə verir. O cümlədən Azərbaycanın təqdim etdiyi Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizlər Şanxay Təşkilatına daxil dövlətlərin Avropa dövlətləri ilə iqtisadi əməkdaşlıq imkanlarını genişləndirir. Belə ki, Bakı-Tiblisi-Qars dəmir yolunun yük buraxma gücücnün 5 milyon tona çatırılması və yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması daha böyük imkanlar yaradır. Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlər qlobal nominal ÜDM-in 20 faizdən çoxunu formalaşdırırlar. Dünya neft ehtiyatlarının 20, qaz rezervlərinin isə 44 faizi bu təşkilata üzv olan ölkələrin payına düşür. Dünya əhalisinin 40 faizinin məskunlaşdığı təşkilat dövlətlərinin qlobal iqtisadiyyatdakı payı hər il daha da atmaqdadır. Son 8 ildə Azərbaycan ilə təşkilat arasında əməkdaşlığın güclənməsi müşahidə olunub. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra regionda formalaşan yeni düzən fonunda ölkəmiz ilə əməkdaşlığın genişləndirilməsi təşkilatın da regional maraqlarına uyğundur. Belə ki, Azərbaycan regional və bölgəni əhatə edən beynəlxalq layihələrin, o cümlədən nəqliyyat dəhlizlərinin uğurla icrasında və genişləndirilməsində xüsusi töhvəyə malik olan dövlətlərdəndir. Azərbaycan ŞƏT-də müşahidəçi statusu almaq niyyətindədir və bu istiqamətdə də fəaliyyətin güclənməsi müşahidə olunmaqdadır.Belə bir status qarşılıqlı olaraq hər iki tərəf üçün faydalı hesab olunur. Cənab Prezidentin rəhbərliyi ilə Qərb ilə Şərq arasında mühüm körpü rolu oynayan Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyi daha da möhkəmlənməkdədir. Astanada keçirilən görüşlər və aparılan vacib müzakirələr bunu bir daha təsdiq edir. Qazaxıstan mediası isə ŞƏT-in Zirvə toplantısında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev ilə görüşü barədə geniş materiallar dərc edib.Bu ölkənin “İnform Buro” agentliyinin saytında dərc olunmuş məqalədə qeyd olunub ki, dövlətimizin başçısı Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində birgə addımların və səylərin davam etdirildiyini vurğulayıb, görüşün yaxın günlərdə Türk Dövlətləri Təşkilatının Qarabağda keçiriləcək qeyri-rəsmi Zirvə toplantısında davam edəcəyini bildirib. Çin mediası isə Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında görüşü və “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin imzalanmasını geniş şəkildə işıqlandırıb. Çin mediasının materiallarında diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ÇXR-in Sədri Si Cinpin ilə görüşündə Azərbaycanın multilateralizmə - çoxtərəfli diplomatiyaya böyük əhəmiyyət verdiyini vurğulayıb . O, Tayvanda keçirilmiş seçkilərin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən pislənildiyini, Çinin də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə etdiyini qeyd edib. Qardaş ölkənin-Türkiyə Respublikasının “Milliyet”, “Sabah”, Akşam”, “Cümhuriyet”, “Yeni Çağ” “Aydınlık” qəzetləri, habelə “TRT Haber”, NTV, “CNN Türk” telekanallarının saytında da Türkiyə, Azərbaycan, Pakistan liderlərinin üçtərəfli görüşü haqqında xəbərlər və məqalələr yerləşdirilib.
Həsən Xələfov
Bakı şəhəri, Sabunçu rayonu 28 №-li tam orta məktəbin Tarix müəllimi