Azərbaycan-Türkiyə-Gürcüstan formatı sabitliyə və inkişafa xidmət edir və bu istiqamətdə faydalı tərəfdaşlıq həyata keçirirlər. Regional əməkdaşlıq hər üç ölkəyə böyük fayda gətirir, birgə həyata keçirilən iri infrastruktur layihələri, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmiryolu, Cənub Qaz Dəhlizi Azərbaycan-Gürcüstan-Türkiyə arasında uğurlu əməkdaşlığın nümunələridir. Bu layihələr ölkələrimiz, bölgə üçün böyük əhəmiyyət daşıyır, əməkdaşlığı dərinləşdirir. Əgər layihələrin əvvəlində üç ölkə əməkdaşlıq edirdisə, indi bu ölkələrin sayı getdikcə artır və yeni tərəfdaşlar bu layihələrə cəlb edilir. Eyni zamanda, nəqliyyat sahəsində də əməkdaşlığa böyük diqqət göstərilir. "Azərbaycanda zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumunda deyib. Dövlət başçısı bildirib ki, Azərbaycan özünün qərbində olan qonşuları Gürcüstan və Türkiyə, şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərblə şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq.
Regional hərbi məsələlərə gəldikdə isə qeyd etməliyik ki, Türkiyə NATO-nun üzvüdür, Gürcüstan NATO-ya real namizəddir, Azərbaycan isə heç bir hərbi-siyasi blokda iştirak etmir və bütün tərəflərlə qarşılıqlı, faydalı, bərabərhüquqlu əməkdaşlığa üstünlük verir. Bu fərqli yanaşmalara baxmayaraq, hər üç ölkə müxtəlif sahələr üzrə, xüsusilə hərbi sahədə birgə əməkdaşlığı getdikcə daha da inkişaf etdirir. Digər tərəfdən, hər üç ölkənin birgə hərbi təlimlərdə iştirak etməsi həm Türkiyənin, həm Azərbaycanın, həm də Gürcüstanın strateji maraqlarına uyğundur.
Tarixi zəfərdən sonra da Azərbaycanın artan maliyyə imkanları, iqtisadi inkişafı ölkəmizi beynəlxalq aləmdə və regionda daha cəlbedici tərəfdaşa çevirib. İndi başqa dövlətlər Azərbaycana təkcə investisiyaların yatırımı üçün əlverişli ölkə kimi deyil, həm də investor ölkə kimi yanaşırlar. Dövlət başçısının da söylədiyi kimi, xarici tərəfdaşlar üçün Azərbaycan təkcə siyasi mərkəz kimi yox, eyni zamanda, investisiya mənbəyi kimi də maraqlıdır. Birgə tərəfdaşlıq çərçivəsində qarşılıqlı investisiya qoyuluşunun artması, xüsusən enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması gələcəkdə səmərəli və çoxşaxəli işbirliyinin uğurla davam etdirilməsinə zəmin yaradır. İqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur. Azərbaycandakı əlverişli biznes və investisiya mühiti şirkətlərin uğurla fəaliyyət göstərməsinə şərait yaradır. Beləliklə, Azərbaycan-Türkiyə-Gürcüstan formatı çərçivəsində əməkdaşlıq və geosiyasi layihələrin həyata keçirilməsi sülhə, sabitliyə, regional inteqrasiyaya və xalqlarımızın rifahına xidmət edir.
Bakıxanov qəsəbəsi, 96 saylı tam orta məktəbin
biologiya müəllimi Afaq Əhmədova