Zərifə xanım gözlərinə işıq verdiyi, nur bəxş etdiyi minlərin, milyonların qəlbində, işığında, nurunda əbədi yaşayır

Zərifə xanım gözlərinə işıq verdiyi, nur bəxş etdiyi minlərin, milyonların qəlbində, işığında, nurunda əbədi yaşayır Görkəmli elm adamları, ziyalılar, yaradıcı şəxsiyyətlər, onlardan yadigar qalan maddi və mənəvi irs mənsub olduqları xalqın, dövlətin, eləcə də bəşəriyyətin sərvətidir. Hər bir xalq özünün istedadlı şəxsiyyətləri, elm və mədəniyyət adamları, siyasi xadimləri ilə qürur duyur, onların xatirəsini əziz tutur. Bu baxımdan Azərbaycan xalqı xoşbəxt sayıla bilər, çünki ölkəmiz bir çox sahələrdə istedadlı şəxsiyyətlər yetirib. Belə şəxsiyyətlərdən biri olan Zərifə xanım Əliyevanın zəngin həyat yolu hər bir azərbaycanlıya örnəkdir.
Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan yüksək intellekt sahibi, büllur çeşməyə bənzər mənəvi təmizlik və paklıq nümunəsi, SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatı almış ilk azərbaycanlı, vətən oftalmologiyası sahəsi üzrə ilk qadın akademik, tibb elmləri doktoru, professor Zərifə Əziz qızı Əliyeva XX əsrin dünya şöhrəti qazanmış ən parlaq ulduz qadınlarındandır.
Zərifə xanım Əliyevanın qaynar həyat və yaradıcılıq fəaliyyəti Azərbaycan Tibb Universiteti, Moskvada Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu və Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutu, Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutu ilə bağlı olmuşdur.
1923-cü il aprel ayının 28-də Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sisteminin mahir təşkilatçısı, qurucusu və yaradıcılarından olan görkəmli dövlət xadimi Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım həkimlər ailəsinin müqəddəs ocağında böyüyüb boya-başa çatmış, həkimlik sənətinə kiçik yaşlarından həvəs göstərmişdir. Onun uşaqlıq çağlarının ilk illəri Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində keçmiş, sonra ailəsi ilə birlikdə Bakıya köçmüşdür. O, İkinci dünya müharibəsinin davam etdiyi 1942-ci ildə Bakıda orta məktəbi bitirmiş və elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1947-ci ildə institutu əla qiymətlərlə bitirən Zərifə xanım göz həkimi olmaq arzusu ilə Moskvaya getmiş, orada iki il Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya elminin incəliklərinə dərindən yiyələnmək məqsədilə ixtisaslaşma kursu keçmişdir. Zərifə xanım ixtisaslaşma kursunu müvəffəqiyyətlə başa vuraraq Bakıya qayıtmış və Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda həkim-ordinator vəzifəsinə təyin edilmişdir. O, 1950-ci ildə aspiranturaya daxil olmuş və aspiranturanı bitirdikdən sonra həmin institutda elmi işçi vəzifəsində çalışmışdır.
Ötən əsrin 30-40-cı illərində Azərbaycanda tüğyan edən traxoma xəstəliyi 50-ci illərdə də geniş yayılmışdı və xalqımızı bu müdhiş bəladan xilas etmək zərurəti Zərifə xanım Əliyevanı rahat buraxmırdı. O, bütün diqqətini bu xəstəliklə mübarizəyə və digər göz xəstəliklərinin müalicəsinə yönəltdi. Zərifə xanım Azərbaycanın traxoma ocağı aşkar edilən bütün rayonlarını qarış-qarış gəzir, əhali arasında məqsədyönlü söhbətlər aparır, traxoma və digər göz xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi haqqında əməli tədbirlər planını inamla həyata keçirirdi. O, ölkəmizdə traxoma əleyhinə işlədilən mövcud dərman preparatları ilə yanaşı, güclü antibiotik sayılan sintomisindən istifadənin ilk təşəbbüskarı oldu və kompleks şəkildə tətbiq edilən bu müalicənin effektli nəticələri tezliklə özünü göstərdi. Traxomanın ləğvi yolunda yorulmaq bilmədən aparılan intensiv elmi axtarışlar, əldə edilən dəyərli nəticələr Zərifə xanım Əliyevanın namizədlik dissertasiyası işinin dayaq nöqtəsini, ana xəttini təşkil etdi. O, 1959-cu ildə "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdi və tibb elmləri namizədi elmi dərəcəsinə layiq görüldü.
Zərifə xanım Əliyeva dissertasiya müdafiəsindən sonra müsabiqə yolu ilə Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsinə seçilmiş və 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası onun oftalmologiya ixtisası üzrə elmi işçi adını təsdiq etmişdir.
Zərifə Əliyeva Azərbaycan Tibb Universiteti ilə həmişə sıx əlaqə saxlamış, onu özünə "Alma mater" hesab etmişdir. ATU öz layiqli məzunu ilə fəxr etməyə haqlıdır. Tibb Universitetinin oftalmologiya kafedrası əməkdaşlarının əksəriyyəti Zərifə xanımın yetişdirmələridir. 1977-ci ildə Zərifə xanımın atası Əziz Əliyevin N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda keçirilən 80 illik yubileyindəki çıxışı kollektivin qəlbində silinməz izlər buraxmış, xoş xatirələrə çevrilmişdir. ATU dünya şöhrətli məzunu Z.Əliyevanın unudulmaz xatirəsini həmişə əziz tutur, bu qocaman təhsil ocağında onun xatirəsinə həsr olunmuş elmi-praktik konfranslar, yubiley gecələri keçirilir ki, bu da gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.
1977-ci ildə Bakıda professor Zərifə Əliyevanın təşəbbüsü ilə Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilmişdir. Bu plenum alimin daha bir müstəsna keyfiyyətinin gözəl xüsusiyyətlərinin qabarıq surətdə üzə çıxmasına imkan yaratdı. Plenumun ardıcıl plana müvafiq şəkildə aparılan bütün parametrlərinin gözlənildiyindən də yüksək səviyyədə keçirilməsi Zərifə xanım Əliyevanın təşkilatçılıq bacarığının təzahürünə çevrildi. Bakıda ilk dəfə olaraq belə bir Ümumittifaq miqyaslı plenumun keçirilməsi Azərbaycanda oftalmologiya elminin yeni inkişaf mərhələsinə qədəm qoymasına güclü təkan verdi.
Professor Zərifə Əliyeva oftalmologiya elminin inkişafı yolunda əldə etdiyi nailiyyətlərə, görmə orqanının peşə patologiyası sahəsində apardığı uğurlu elmi-tədqiqat işlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatına layiq görülmüşdür. Həyatda və məişətdə olduğu kimi, elmdə də son dərəcə təvazökar və səmimi olan professor Zərifə Əliyeva oftalmologiya elminin inkişafı yolundakı səmərəli və möhtəşəm xidmətlərinə görə qazandığı bu nüfuzlu mükafatı Azərbaycan oftalmologiya elminə yüksək qiymət kimi dəyərləndirmişdir.
Professor Zərifə Əliyeva 1982-ci ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri vəzifəsinə seçilmişdir. Bu məsuliyyətli vəzifəyə seçildikdən sonra Zərifə Əliyevanın həm elmi-tədqiqat, həm də pedaqoji fəaliyyətinin təsir dairəsi daha da genişlənmiş, onun tibb təhsili sisteminə, tibb elminə və bütövlükdə səhiyyə sisteminə verdiyi töhfələr xalq və dövlət tərəfindən yüksək qiymətləndirilmişdir.
Zərifə xanım Əliyeva 1983-cü ildə elmi və təcrübi təbabətdə qazandığı müvəffəqiyyətlərə, alınan nəticələrin səhiyyə praktikasında geniş tətbiqinə görə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. O, Azərbaycan oftalmoloqları arasında Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş ilk oftalmoloqdur.
Akademik Zərifə Əliyeva 150-dən artıq elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin, dərs vəsaitinin müəllifidir.
Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur
Akademik Zərifə Əliyeva Vətənini, xalqını, bütün insanları səmimi və sədaqətli bir məhəbbətlə sevmiş, peşəsinin, sənətinin vurğunu olmuşdur. Onun qəlbində vətən övladlarını qorumağa, vətənin keşiyini çəkməyə hər zaman hazır olan müqəddəs bir ana ürəyi, sıravi bir vətəndaş ürəyi, çətinliklərdən keçib oddan-alovdan adlayaraq ulduzlara doğru irəliləyən, elmin qızıl tacına yiyələnən möhtəşəm bir alim ürəyi döyünürdü.
Zərifə xanım Əliyeva özünün yazıb-yaratdığı monumental əsərləri ilə, qoyub getdiyi elmi nailiyyətləri ilə, pedaqoqluq səriştəsi, təvazökarlıq və yüksək səviyyəli mədəni irsi ilə ideal bir həkim, alim, insan kimi daim yaşayır və yaşayacaqdır. O, həmişə bizimlədir, bizim aramızda, bizim sıramızdadır. Zərifə xanım gözlərinə işıq verdiyi, nur bəxş etdiyi minlərin, milyonların qəlbində, işığında, nurunda əbədi yaşayır.

Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
müəllimi Məlahət Dadaşova



Oxşar xəbərlər