Hər bir insan dünyaya gələrkən müəyyən həyat yolu keçir. Amma hər insana yaddaşlarda əbədi olaraq qalmaq nəsib olmur. Ömür yolu gələcək nəsillərin həyatına işıq saçan, xalqa əvəzolunmaz xəzinə bəxş edənlərdən biri də Zərifə xanım Əliyevadır. Həyatın gözəlliklərini, dünyanın rəngarəngliyini görməyi xəstələrindən əsirgəməyən Zərifə xanım Əliyeva 62 illik həyatında unudulmayan işlər görmüş, bu dünyada şərəfli iz qoymuşdur.
Akademik Zərifə xanım Əliyevanın alim kimi qazandığı uğurlar, zəngin elmi fəaliyyəti Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. O, dünyada ilk dəfə olaraq peşə patalogiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin-peşə oftalmologiyasının əsasını qoyub.
Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan Zərifə xanım Əliyeva yenilikçi alim idi. Onun oftalmologiya elminin inkşafında xidmətləri ölçüyəgəlməzdir. Görkəmli alim Azərbaycanda geniş yayılmış traxomanın, peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, oftalmologiyanın müasir problemlərinə dair bir çox tədqiqatlar aparmışdır. Eyni zamanda, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, monoqrafiya, dərslik, dərs vəsaitinin, 150 -yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
Zərifə xanım Əliyeva müxtəlif xəstəliklərin diaqnostikası və müalicəsi problemləri ilə yanaşı həkim etikası və tibbi deontologiyası məsələləri ilə də maraqlanırdı. Zərifə xanım belə düşünürdü: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək, həm xəstə qarşısında, həm cəmiyyət qarşısında, ən əsas öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”.
O gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həlli məsələlərinə böyük diqqət göstərirdi.
Ürəyində işıqlı arzular daşıyan,özündən sonra zəngin elmi irs,o cümlədən gözəl ailə nümunəsi qoyub gedən Zərifə xanım Əliyeva mənalı və zəngin həyat yolu keçmişdir.
Unudulmayan insanlar sağlığında əməlləri ilə əbədilik qazananlardır. İşıqlı peşəsi, yenilikçi fəaliyyəti ilə minlərlə insana xoşbəxtlik verən Zərifə xanım Əliyeva illər keçsə də, xoş sözlərlə anılacaq.
Maştağa qəsəbəsi, 108 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Günel Əliyeva