Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvanın Şərur rayonunun Şahtaxtlı kəndində görkəmli alim, elm adamı, dövlət xadimi Əziz Əliyevin ailəsində doğulub. Atasına sevgisi onun sənət seçimini də müəyyən edir. Azərbaycan Tibb İnstitutunda, sonra Moskvada təhsil alır. Malyariya və traxomaya qarşı fədakarlıqla mübarizə aparan atasının estafetini uğurla davam etdirir. Sonra oftalmologiyanın elmi cəhətdən az öyrənilən sahəsi – görmə orqanının patologiyası ilə məşğul olur.
Zərifə Əliyeva 1977-ci ildə Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru elmi adını alır. İlk dəfə sənayenin müxtəlif sahələrində göz xəstəliklərinin profilaktikasına dair geniş tədqiqatlar aparır, ilk elmi-tədqiqat laboratoriyası yaradır, “Peşə oftalmologiyası”nın əsasını qoyur. Moskvada doktorluq dissertasiyası müdafiə edir. 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülür. O, keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın idi. Əcnəbi həmkarları onu “Oftalmologiyanın mirvarisi” adlandırıblar...
Zərifə Əliyeva 1982-ci ildə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının müdiri, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilir.Onun elmi-pedaqoji fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə güclü təsir göstərib. Zəngin elmi irsi isə bu gün də aktuallığını itirməyən dəyərli mənbədir. Böyük ictimai xadim kimi də səmərəli fəaliyyət göstərən Zərifə Əliyeva keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini olub. Zərifə xanım insan kimi də xatirələrdə silinməz iz qoyub. Professor N.B.Şulpina deyirdi: “Biz onu sevmişik, sevirik və ömrümüzün sonuna qədər sevəcəyik”.
2023-cü ilin aprel ayında Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ili tamam olur. Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür. Bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapmışdır. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə xanım Əliyeva respublikada yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmışdır.
Maştağa qəsəbəsi, 28 №-li tam orta məktəbin
Uşaq Yaradıcılıq birliyinin sədri Gültəkin Ağamalıyeva