Bu gün tam əminliklə deyə bilərik ki, iki ölkə arasında qarşılıqlı faydalı əlaqələr mövcuddur

Bu gün tam əminliklə deyə bilərik ki, iki ölkə arasında qarşılıqlı faydalı əlaqələr mövcuddur Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəmizə rəsmi səfərə gəlib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Gürcüstanın Baş nazirini Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Samir Şərifov, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze və digər rəsmi şəxslər qarşıladılar. Səfər öncəsi gürcü baş nazir yerli KİV-lərə bunları deyib:
"Biz ikitərəfli əməkdaşlıqla bağlı bütün məsələləri müzakirə edəcəyik. Regionda sülhün təmin edilməsi vacibdir, ikitərəfli münasibətlərin dərinləşməsi, Cənubi Qafqazda sülh və sabitliyin təşviqi üçün hər şey ediləcək".
Bu, İrakli Kobaxidzenin baş nazir kimi Azərbaycana ilk səfəridir. Bu həm də tanışlıq xarakteri daşıyır. Azərbaycan və Gürcüstan taleyi bir-biri ilə sıx bağlı olan iki qonşu və dost ölkələrdir. Bu gün tam əminliklə deyə bilərik ki, iki ölkə arasında qarşılıqlı faydalı əlaqələr mövcuddur. Təsadüfi deyil ki, Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər bütün sahələrdə uğurla inkişaf edir. Cənab İrakli Kobaxidzenin Baş nazir kimi ilk xarici səfərini məhz Azərbaycana etməsi belə deməyə əsas verir ki, rəsmi Tbilisi Bakının inkişaf gündəliyini bundan sonra da dəstəkləyəcək. Bundan başqa Azərbaycan Gürcüstan üçün dost və strateji tərəfdaş ölkədir. Təbii ki, bu səfər mövcud siyasətin davamlılığını və dəyişməzliyini təsdiq edir. Üstəlik, iki ölkənin ərazisindən keçən və Qərbi Şərqlə birləşdirən nəqliyyat dəhlizinin inkişaf etdirilməsi kimi ümumi geosiyasi məsələlər də əsas müzakirə mövzusudur. Bundan başqa, hər iki ölkə üçün maraq doğuran bir çox məsələlər də diqqət mərkəzində olacaq.
“Bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar. Bu möhkəm zəmin üzərində dövlətlərarası münasibətlər qurulmuşdur”, - deyə Azərbaycan Prezidenti bildirib.
Prezident İlham Əliyev bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi də artmaqdadır, artıq 900 milyon dollara yaxındır, keçən il təxminən 15 faiz artıb. Gürcüstan hökumətinin düşünülmüş islahat siyasəti nəticəsində Gürcüstanda çox gözəl sərmayə iqlimi yaradılmışdır. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoymuşlar. Təbii ki, bunun əsas səbəbi gözəl investisiya iqliminin mövcudluğudur. Enerji layihələrindən danışarkən Əliyev deyib ki, Azərbaycan qazını alan ölkələrin sayı 8-ə çatıb və bu, son deyil. Onun fikrincə enerji layihələrinin həyata keçirilməsində Gürcüstan ilə Azərbaycan iki etibarlı tərəfdaş kimi çıxış edir.Ölkələrimizin iştirakı ilə strateji meqalayihələr - Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Qars uğurla həyata keçirilir. Bu qlobal layihələr bizim strateji tərəfdaşlığımızın əsasını təşkil edir. Bugünkü reallıqları nəzərə alsaq, bu layihələr daha da aktuallaşır. Prezident İlham Əliyev Baş nazir İrakli Kobaxidze ilə görüşdən sonra mətbuata açıqlamasında bu məqama xüsusi ilə toxunaraq bildirdi ki, bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Dövlətimizin başçısı haqlı olaraq qeyd etdi ki, nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq. Bundan əlavə, Gürcüstanda Azərbaycan kapitallı mindən çox şirkət fəaliyyət göstərir. Perspektivli istiqamət Azərbaycan və Gürcüstanın böyük potensiala malik olmasına əsaslanan bərpa olunan enerji sahəsində əməkdaşlıqdır. Söhbət Günəş, külək və su elektrik stansiyalarının tikintisindən gedir və tərəflər yaşıl enerji layihələri üzərində işləyirlər. Prezident İlham Əliyevin vurğuladığı kimi digər uğurlu layihələr kimi, yaşıl enerji layihəsi də eyni müvəffəqiyyətlə icra ediləcəkdir. Yaşıl enerjiyə böyük tələbatın olduğunu diqqətə çatdıran dövlətimizin başçısı bir daha qeyd etdi ki, həm Gürcüstanın, həm Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var və tərəflər hazırda texniki-iqtisadi əsaslandırma üzərində çalışırlar. İlin sonuna qədər bu prosesin başa çatacağı və ondan sonra praktiki addımların atılacağı planlaşdırılır.

Maştağa qəsəbəsi, 28 №-li tam orta məktəbin
Tarix müəllimi Həsən Xələfov



Oxşar xəbərlər