Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.
Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa çıxış edərək dünyada hazırkı geosiyasi vəziyyət haqqında danışdı, münaqişələrin aradan qaldırılması, müharibələrin baş verməməsi üçün beynəlxalq səviyyədə səyləri birləşdirməyin vacibliyini vurğuladı.
Qeyd edim ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.
Bu dəfə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunan Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.
Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə xatirə hədiyyəsi təqdim etdi.
Daha sonra Forumda Albaniya Prezidenti Bayram Beqay, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviç, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus, BMT Baş katibinin siyasət üzrə müavini Qay Rayder, BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos çıxış etdilər.
Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld isə Birləşmiş Krallığın Baş naziri Rişi Sunakın Forum iştirakçılarına məktublarını oxudular.
Eyni zamanda, qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri, gənclər siyasəti, qlobal çağırışlara qarşı davamlılığı artırmağın yolları, qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə toxunulacaq, süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri barədə müzakirələr aparılacaq.
Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Günay Rüstəmova