Martın 9-11-də Azərbaycan paytaxtında növbəti beynəlxalq tədbir – X Qlobal Bakı Forumu keçirildi. Forumun mövzusu “Dünya bu gün: çağırışlar və ümidlər” idi. Qlobal Bakı Forumu Azərbaycan Respublikası Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən keçirilir.
Forumlarda dünya gündəminin aktual mövzuları, qlobal problemlər müzakirə olunur. 2022-ci ilin iyununda keçirilən IX Qlobal Bakı Forumu “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunmuşdu. Foruma 50-dək ölkədən nümayəndə heyətləri, o cümlədən dövlət başçıları, nazirlər, sabiq prezidentlər, eləcə də beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli şəxsləri qatılmışdı. Beynəlxalq ictimaiyyətin diqqəti yenidən Cənubi Qafqazda və konkret olaraq regionun lider dövləti Azərbaycanın paytaxtındadır. Bakı növbəti dəfə vacib regional və beynəlxalq məsələlərin müzakirə edildiyi qlobal tədbirə - X Qlobal Bakı Forumuna uğurla ev sahibliyi edir.
Forum çərçivəsində qurulan təmaslar, keçirilən görüşlər Azərbaycanın hərbi-strateji qələbəsinin siyasi-diplomatik müstəvidə möhkəmləndirilməsi kontekstində də əhəmiyyətlidir. Xüsusilə, əlaqələrin sıxlaşdırılması işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri ilə əlaqədar tərəfdaşlığın genişləndirilməsinə mühüm töhfə hesab oluna bilər. Bütövlükdə, X Bakı Qlobal Forumu Prezident İlham Əliyevin qlobal liderlik mövqeyini, Azərbaycan yüksək beynəlxalq nüfuzunu əks etdirməklə yanaşı, ikitərəfli və çoxşaxəli münasibətlərin inkişafına əlavə stimuldur. Azərbaycan paytaxtında ötən gün işə başlayan "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu ilə bağlı müxtəlif ölkələrin aparıcı KİV-lərində silsilə məqalələr dərc olunub. İtaliyanın Nova agentliyində yayımlanan "Qlobal Bakı Forumu davam edir, Avropa və Asiya arasında problemlər və imkanlar" mövzusunda məqalədə Prezident Sercio Mattarellanın Forum iştirakçılarına təbrik məktubu yolladığı qeyd olunub və məktubda yer alan fikirlərə yer verilib. İtaliya Prezidentinin məktubda Qlobal Bakı Forumunun anlaşma və sülh şəraitində birgəyaşayış dəyərlərini təbliğ etdiyini, məqsədin xalqlar və mədəniyyətlər arasında əməkdaşlıq və dialoqu stimullaşdırmaq olduğunu vurğuladığı bildirilib.
Qlobal Bakı Forumu oxşar çağırışları və məqsədləri paylaşan, bəşəriyyəti narahat edən problemlərlə əlaqədar yeni yanaşma və həll yolları təqdim edən mühüm dialoq platformasıdır. Forum həm də Azərbaycanın regionda lider kimi potensialını göstərməsi, mədəniyyətini və tarixini təbliğ etməsi baxımından bir fürsətdir.
Maştağa qəsəbəsi, 28 №-li tam orta məktəbin
Tarix müəllimi Həsən Xələfov