Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ

Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ Ermənistan və Azərbaycan Qazaxıstanda danışıqlarda iştirak edəcəklərini təsdiqləyiblər, danışıqların keçirilmə tarixi daha sonra açıqlanacaq. Bu sözləri Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov deyib. Smadiyarov bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar Almatıda keçiriləcək: "Hər iki tərəf iştirakını təsdiqləyib. Tədbirin vaxtı əlavə olaraq açıqlanacaq". Qeyd edək ki, Qazaxıstanın xarici işlər nazirinin müavini Alibek Bakayev Ermənistanın iştirakını hələlik təsdiqləmədiyinə görə görüşün tarixinin müəyyən edilmədiyini bildirmişdi. Lakin İrəvandan gələn açıqlamada görüşə razılıq verildiyi qeyd olundu. Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Bakı və İrəvanın Almatıda XİN rəhbərləri səviyyəsində görüşə razılıq vermələrini alqışlayıb. Tokayev deyib ki, 1991-ci ildə MDB ölkələrinin inkişafının əsasını qoyan deklarasiyanın imzalandığı Almatı şəhərində belə bir görüşün keçirilməsi rəmzidir. Prezident İlham Əliyev mayın 1-də Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı zamanı da bildirib ki, biz müsbət tendensiyadayıq və sülhə doğru gedirik. Dövlət başçısı qeyd edib ki, sərhədlərin delimitasiyası başlayıb, hətta demarkasiya işləri aparılır: "Buna iki ölkə tərəfindən hər hansı vasitəçi olmadan nail olunub. Bu, bir daha göstərir ki, bizə vasitəçi lazım deyil, xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər. Onlar yardım etmək istəmir, onlar bizim bölgəyə siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar bu alova yenidən odun atmaq istəyirlər". Prezident əlavə edib ki, sülh bölgədə yalnız Azərbaycan ilə Ermənistan arasında normallaşma vasitəsilə əldə oluna bilər.
Politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında deyib ki, Almatı görüşünün əhəmiyyəti, əsasən iki istiqamətdə görünür. Birincisi, qlobal güclərin proseslərə təsirinin qarşısı alınır və onların bu yöndə cəhdləri zərərsizləşdirilir. İkincisi isə heç bir geosiyasi marağı olmayan, xüsusən Azərbaycan və Ermənistanla normal münasibətlərə malik bir ölkənin prosesdə vasitəçi kimi deyil, sadəcə məkan sahibi olmasıdır:

"Azərbaycan bugünədək məhz qlobal güclərin vasitəçiliyindən ciddi zərər görüb. Keçmiş Qarabağ probleminin 30 illik təcrübəsi göz önündədir. Qlobal güclərin geosiyasi maraqlarını uzlaşdırmaq mümkün deyil. Bu təcrübə Azərbaycana bir çox məsələləri öyrətdi. Xarici siyasətimizin ən böyük uğuru Azərbaycan-Ermənistan danışıqlarını qlobal miqyasdan ikili müzakirələr müstəvisinə daşıya biləməsidir. Bu, çox önəmli nailiyyətdir. Almatı görüşünə bu uğurun tərkib hissəsi kimi baxmalıyıq. Azərbaycan prosesin mərkəzindədir, ideyavericisidir, baş verənlərdən kənarda deyil. Əgər Ermənistan rəhbərliyi müzakirələr üçün Bakıya gəlməyə hələ cürət etmirsə, deməli, danışıqlar üçün başqa platformalara ehtiyac var. Məqsədəuyğun platformalardan biri də Qazaxıstanda keçiriləcək görüşlərdir. Bu həm Rusiyanın, həm ABŞ-nin, həm də Brüsselin müəyyən iddialarının üstündən xətt çəkməkdir. Konkret nəticələrlə bağlı da böyük potensial var. Almatı görüşündə sülh müqaviləsinin ən azından çərçivə sənədini imzalanacaq vəziyyətə gətirəcək müzakirələrin aparılması mümkündür. Nəzərdə tutulan odur ki, Almatıda bir gün yox, bir neçə gün, hətta bir həftə ərzində görüşlər keçirilsin, davamlı müzakirələr aparılsın. Hər iki tərəfin işçi qruplarının, ekspertlərin iştirakı ilə təməl prinsiplərin detallı müzakirəsi aparılsın".
N.Miri hesab edir ki, Azərbaycan və Ermənistan sülhün çərçivə sənədinin imzalanması ərəfəsindədir: "Həlledici məsələlərdən biri odur ki, tərəflər vasitəçisiz, ikili danışıqlara üstünlük verirlər. Qazaxın 4 kəndinin qaytarılması da məhz ikili danışıqların nəticəsində baş verdi. Bu məsələyə aprelin 5-də Brüsseldə keçirilən məlum görüş də təsir etdi. Ermənistan hökuməti anladı ki, bütün geosiyasi oyunlara, vədlərə, dəstəyə rəğmən, İrəvanın fundamental problemlərini, təhlükəsizliyini heç kim həll etməyəcək. Paşinyan hökumətinin bu reallığı dərk etməsindən sonra Azərbaycanla danışıqlarda irəliləyiş oldu və nəticələr əldə olundu. O baxımdan Almatı görüşündən də ciddi nəticələr gözlənilir. Paşinyan təkbaşına revanşistlərlə mübarizə aparır, erməni ictimaiyyətini mifdən, xülyalardan uzaqlaşmağa səsləyir. Buna da müəyyən mənada nail olmaqdadır. Ermənistanda etirazlar olsa da, İrəvan hökumətinə ciddi müqavimət göstərə bilmirlər. Artıq İrəvan hökuməti, erməni ictimaiyyəti də anlayır ki, Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etmədən normal və təhlükəsiz yaşayış qeyri-mümkündür.

Oxşar xəbərlər