VI Forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaın iştirak etməsi də bu platformaya dünya miqyasında önəmin verilməsinin göstəricisidir

VI Forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaın iştirak etməsi də bu platformaya dünya miqyasında önəmin verilməsinin göstəricisidir Bakı Konqres Mərkəzində cari ilin 1 may tarixində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub.
Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı - hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıblar. Eyni zamanda, forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb və “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilib.Bakıda keçirilən beynəlxalq forumu tədbirinin moderatoru, ABŞ-ın Corc Meyson Universitetinin Sülh və Münaqişələrin Həlli üzrə Cimmi və Rozalin Karter Məktəbinin dekanı, professor Alpaslan Özerdem idi. Forumun “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusuna həsr olunması da ölkəmizin dünyada sülh və əməkdaşlıq naminə təşəbbüslərinin ifadəsidir. VI Forumun əsas məqsədi dialoq vasitəsilə sülhü təşviq etmək, qlobal təhlükəsizliyi gücləndirmək və əməkdaşlığı möhkəmləndirməkdir. Forum fərqli etnik, mədəni, dini və dil mənşəyi olan insanları bir araya gətirir, qarşılıqlı anlaşmaya doğru açıq və hörmətcil mübadilə üçün platforma yaradır. Ölkəmizin ev sahibliyi ilə keçirilən bu mötəbər tədbir beynəlxalq ictimaiyyət tərəfindən çox yüksək qiymətləndirilir.
VI Forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaın iştirak etməsi də bu platformaya dünya miqyasında önəmin verilməsinin göstəricisidir. Forumunun açılış mərasimində nitq söyləyən Prezident İlham Əliyev Azərbaycanın əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olmasından, çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik ölkəmizin tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qorumasından bəhs etdi. Dövlətimizin başçısı, həmçinin Cənubi Qafqaz regionunda sülh imkanları, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, o cümlədən sərhədlərin delimitasiyası və demarkasiyası işlərinin vasitəçilərin iştirakı olmadan aparılması barədə də fikirlərini ifadə edib. Cənab Prezident eləcə də Avropanın bəzi ölkələri tərəfindən həyata keçirilən neokonializm siyasətinin qarşısının alınmasının vacibliyini vurğulayaraq deyib: “Biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Biz səsimizi ucaltdıqda – Qoşulmama Hərəkatına sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, hansısa ölkəyə qarşı idik. Biz, sadəcə ədalətə, beynəlxalq hüquqa bağlı idik. Dünya iyrənc neokolonializm praktikasına göz yummalı deyil.


Bu, assimilyasiyaya, məcburi assimilyasiyaya aparır. Bu, Fransanın 10-dan artıq dənizaşırı ərazisində baş verir. Buna son qoyulmalıdır.”
Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Prezident İlham Əliyevin tədbirin açılış mərasimindəki nitqində səsləndirdiyi fikirlər xarici mətbuatın diqqət mərkəzində olub. Qətər Xəbər Agentliyinin yaydığı xəbərdə Bakıda işə başlayan üçgünlük Forum çərçivəsində təşkil olunacaq 4 plenar sessiya və 12 panel iclasında təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər mühüm mövzuların müzakirə olunduğu qeyd edilib. Məqalədə dövlətimizin başçısının Forumun açılış mərasimindəki çıxışında Azərbaycanın əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olması, çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik Azərbaycan cəmiyyətinin əsrlər boyu tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qorumasına da fikirləri diqqətə çatdırılıb.
Maştağa qəsəbəsi, 28 №-li tam orta məktəbin
Tarix müəllimi Həsən Xələfov




Oxşar xəbərlər