Daxili siyasət barədə danışan Azərbaycan Prezidenti deyib ki, ölkəmizdə aparılan siyasi dialoqun böyük əhəmiyyəti var

Daxili siyasət barədə danışan Azərbaycan Prezidenti deyib ki, ölkəmizdə aparılan siyasi dialoqun böyük əhəmiyyəti var Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi həyatında ümumxalq statusunu və əhəmiyyətini qoruyub saxlamaqdadır. Partiyanın ölkənin bütün sahələrinə dair təkmil və illərin sınağından çıxmış idarəçilik konsepsiyası, partiya sədri, ölkə prezidenti İlham Əliyevin uğurlu siyasəti YAP-ı qurucu və qoruyucu partiyaya çevirib.
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixdə keçirilmiş VII qurultayındakı çıxışında elə bu məqamı vurğulamışdı: “Ümummilli maraqların reallaşması yolunda YAP-ın böyük tarixi nailiyyətlər qazanmasının nəticəsidir ki, onun sıraları ildən-ilə genişlənir. YAP ölkənin bütün bölgələrini əhatə etməklə Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyası kimi çıxış edir”.
YAP Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq olan insanları birləşdirən partiyadır. Heydər Əliyevin siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi.
Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, milli maraqlar və müstəqillik Ulu Öndər Heydər Əliyevin dövlət siyasətinin mütləq prioritetləri olmuşdur. 1993-cü ilin oktyabr ayında Ulu öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkənin böhrandan çıxma prosesi başladı. Milli düşüncə göstərərək Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı.
“Davamlı islahatlar – Yeni Azərbaycan partiyasını səciyyələndirən əsas xüsusiyyətlərdəndir. Ölkənin gələcəyi elə planlaşdırılmalıdır ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun. Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir. Biz gündəlik həyatda, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə görürük ki, bu islahatların çox böyük əhəmiyyəti var. Eyni zamanda, ictimai-siyasi iqlimin sağlamlaşdırılmasında da bu təşəbbüslərin və islahatların böyük rolu vardır” – YAP sədri qeyd edib.
Qurultayda partiya sədri daha sonra bildirib ki, iqtisadi müstəqillik həm inkişaf baxımından, həm siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir. Bu gün istənilən meyar üzrə Azərbaycan heç kimdən asılı deyil. İqtisadi sahədə ən qabaqcıl yerlərdə olan Azərbaycan - istər xarici borc baxımından, istər iqtisadi artım baxımından və adambaşına düşən valyuta ehtiyatları baxımından öndədir. Ölkəmizə gələn investisiyalar dayanmadan artır.
Prezident İlham Əliyev ötən illərin ən önəmli hadisəsi kimi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasını qeyd edib. Bildirib ki, ərazi bütövlüyünün bərpa olunması Ulu Öndərin siyasi vəsiyyəti idi: “Biz, onun davamçıları bu problemi bütün işlərimizin mərkəzinə qoyduq. Biz bu hədəfə doğru gedirdik. Biz hər şeyi ölçüb-biçib öz gücümüzü, eyni zamanda, digər amilləri nəzərə alaraq ən düzgün vaxt seçməli idik, ən düzgün vaxt üçün ən yaxşı vəziyyətdə olmalı idik. Xalq-iqtidar bir yumruq kimi birləşməsinin nəticəsində cəmi 44 gün ərzində tarixi ədaləti bərpa olundu və düşmən torpaqlarımızdan qovuldu”.
Əldə olunmuş tarixi Qələbə sayəsində Qarabağın, Şərqi Zəngəzurun yenidən qurulması barədə danışarkən dövlət başçısı qeyd etmişdir ki, bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq.
Daxili siyasət barədə danışan Azərbaycan Prezidenti deyib ki, ölkəmizdə aparılan siyasi dialoqun böyük əhəmiyyəti var. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün dialoq önəmli amildir.
Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir. 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir.
VII qurultaydan keçən dövr ərzində Partiyanın strukturunun yenilənməsi, hüquqi bazanın yaradılması, əmək haqlarının artırılması, uçot sisteminin təkmilləşdirilməsi, kadr siyasətində mövcud olan boşluqların və üzvlük haqlarının yığılmasında müşahidə olunan pərakəndəliyin aradan qaldırılması, maliyyə dayanıqlılığının təmin olunması, ideoloji işin səmərəliliyinin artırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi prioritet məsələlər kimi müəyyən olunmuş, bu sahədə problemlərin həlli və müvafiq vəzifələrin yerinə yetirilməsi üçün müvafiq islahatlar həyata keçirilmişdir.
Müasir Azərbaycanın dövlətçilik tarixinə şanlı salnamə kimi həkk olunmuş 44 günlük Vətən müharibəsinin ildönümləri, Anım və Zəfər günləri respublikamızın hər yerində böyük təntənə ilə qeyd edilmiş, Partiyanın Mərkəzi Aparatının təşkilatçılığı ilə elmi-praktik konfranslar və dəyirmi masalar təşkil edilmiş, yerli təşkilatlar tərəfindən 3 mindən artıq müxtəlif tədbir, həmçinin şəhid ailələri və müharibə veteranları ilə 7 mindən çox görüş keçirilmiş, onlar daim diqqət mərkəzində saxlanılaraq sosial problemlərinin həllinə köməklik göstərilmiş, şəhidlərin doğum və anım günləri ailələri və doğmaları ilə birlikdə qeyd olunmuş, Partiyanın fəalları şəhid məzarları, abidə və barelyeflərinin, həmçinin şəhidlərin şəkilləri əks olunmuş lövhələrin ətrafının abadlaşdırılmasında yaxından iştirak etmişlər.
Qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş şəxslərə humanitar yardım məqsədilə mal və avadanlıqlar, o cümlədən 45 ədəd generator, 150 ədəd elektrik qızdırıcısı, uşaqlar, qadınlar və kişilər üçün çoxlu sayda isti geyim dəstləri, yataq ləvazimatları, qış ayaqqabıları göndərilməsi təmin edilib.
Bunlar YAP-ın fəaliyyətinin yalnız bir hissəsidir. Hər gün böyüyən, həm dövlət idarəçiliyində, həm də partiyadaxili fəaliyyətdə islahatlar aparan hakim partiya Azərbaycanın dünəninin və bu gününün olduğu kimi, həm də gələcəyinin partiyasıdır.


Kürdəxanı qəsəbəsi, 113 nömrəli tam orta
məktəbin direktoru Gültəkin Rüstəmova

Oxşar xəbərlər