Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir

Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir
Siyasi partiyaların cəmiyyətdə rolunun artırılması üçün Prezident tərəfindən verilmiş göstərişlər var və müvafiq Administrasiyanın müvafiq şöbəsi də bunu uğurla yerinə yetirməkdədir. Bütün bu addımlar ölkəmizdə çoxpartiyalı sistemin inkişafına xidmət edir. Dövlət başçısının qeyd etdiyi kimi, hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Əgər, doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün əsas spektr mövcud olmalıdır.
Hakimiyyət tərəfindən atılan bu kimi addımlar, eyni zamanda, siyasi dialoqun müxalifət partiyaları tərəfindən dəstəklənməsi, ən əsası ümummilli məsələlərin həllində bir araya gəlib ümumi mövqenin ortaya qoyulmasına göstərilən səylər onu göstərir ki, artıq bu münasibətlərdə tamamilə yeni bir yanaşma mövcuddur.
Dövlət başçısının siyasi qüvvələrlə dialoq təşəbbüsü ilə çıxış etməsi ölkəmizdə siyasi münasibətlərin yeni zəmində qurulacağına, milli maraqlar naminə iqtidar-müxalifət əməkdaşlığına daha çox diqqət yetiriləcəyinə, siyasi münasibətlərdə ciddi yeniliklərin baş verəcəyinə əminlik yaradır. İlham Əliyevin rəhbərliyi ilə 2018-ci ilin prezident seçkilərindən sonra dərinləşən islahatlar prosesi bütün sahələri, o cümlədən siyasi sistemi əhatə edərək yeni bir mərhələnin əsasını qoyub. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz.
Yeni «Siyasi partiyalar haqqında» Qanunun qəbulu dövrün, zamanın tələblərini əks etdirməklə yanaşı, həm partiyaların qeydiyyatdan keçməsi, həm də onların dövlət büdcəsindən maliyyələşməsi məsələlərini özündə ehtiva edir. Prezident İlham Əliyev şəxsən özü dəfələrlə siyasi dialoq məsələsinin önəmindən danışıb.
Elə hakim partiyanın qurultayında da siyasi dialoqun önəminə və buna hazır olduqlarına diqqət çəkib: “Siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Bu gün ölkəmizdə siyasi dialoq aparılır. Bu, çox təqdirəlayiqdir. Ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var”. Göründüyü kimi, ortada dövlət başçısı səviyyəsində dialoqa isti bir münasibət var. Hakimiyyət dialoqa, əməkdaşlığa həmişə açıqdır. Düşünməksə özünü əməkdaşlıqdan, dialoqdan kənarda saxlayanlara qalır.

Maştağa qəsəbəsi, 28 №-li tam orta məktəbin
Tarix müəllimi Həsən Xələfov


Oxşar xəbərlər