Yeraltı və yerüstü təbii sərvətlərə malik Azərbaycan özünü bütün dünyada həm də mavi yanacaq ölkəsi kimi tanıtmışdır. Zəngin ehtiyatlara və müasir nəql şəbəkəsinə malik olan, daim ədalətli enerji siyasəti həyata keçirən Azərbaycan Avropanın artan ehtiyacını müəyyən həcmlərdə qarşılamağa qadir ölkədir. Xəzər dənizindən gələn qaz Avropa ölkələri üçün yeni alternativ mənbəyinə çevrilmiş və Avropa İttifaqına Xəzər dənizinin resurslarına pəncərə açmışdır.
Azərbaycan dünya energetika bazarında əhəmiyyətli bir rol oynayan və geniş energetika resurslarına sahib olan bir ölkədir. Ölkədə qaz ixracı başlıca energetika strategiyasının bir hissəsidir. Azərbaycan tam zamanında enerji bazarına daxil olmuşdur. Müstəqil və energetik təhlükəsizlik məqsədilə Azərbaycanın energetika sahəsində tətbiq etdiyi layihələr, ölkəni dünya energetika bazarında daha çox irəlilədən bir ölkə halına gətirir. Trans-Adriatik Boru Xətti (TAP), TANAP (Trans-Anadolu Boru Xətti) vasitəsilə ölkədən köçürülən qazın Avropa bazarına çatdırılmasını təmin edir. Uğurlu enerji siyasəti nəticəsində Avropa qaz istehlakçıları sonrakı dövr üçün əlaqələri daha da genişləndirmək siyasətini yürüdür. Bu, ölkəmiz üçün həm ticarət, həm siyasi, həm də mədəni əlaqələrin inkişafına yol açır. Azərbaycan öz enerji ehtiyatları vasitəsi ilə qarşılıqlı mənfəət, əlaqələrin genişləndirilməsi siyasətini yürütdüyünü ortaya qoyur.
Qida təhlükəsizliyi kimi, enerji təhlükəsizliyi də hər bir ölkənin qarşısında duran vacib məsələlərdəndir. Artıq iki ildən çoxdur ki, Azərbaycan qazı Avropa bazarlarına çıxarılır. Avropanın enerji xəritəsində yeni sərhədlər aşmış Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir.
Son illərdə enerji layihələrinin coğrafiyasının genişləndirilməsi, şaxələndirmə siyasətinin iştirakçı dövlətlərin maraqları baxımından bir daha nəzərdən keçirilməsi, alternativ variantların gündəmə gətirilərək siyasi və iqtisadi əhəmiyyətinin beynəlxalq müzakirəyə çıxarılması bölgədə və dünya birliyində sabitliyin və əmin-amanlığın möhkəmlənməsinə geniş imkanlar açır. Rəqabət qabiliyyəti baxımından MDB məkanında birinci olan Azərbaycanın iqtisadi uğurlarını təmin edən, regionda sülhün təminatı üçün səylərini artıran neft-qaz amilinin əhəmiyyəti bütün səviyyələrdə xüsusilə vurğulanır.
Azərbaycanın qaz ixracının coğrafiyasının genişlənməsi və Azərbaycanın qaz ixracından əldə etdiyi gəlirlərin səviyyəsinin artması baxımından mühüm imkanların yaranması deməkdir. Nəzərə alaq ki, Azərbaycan artıq Avropa Birliyi ölkələri üçün etibarlı enerji ixracatçısı statusuna sahibdir. Azərbaycan qonşu ölkələr, xüsusən Avropa bazarı üçün artıq etibarlı tərəfdaş statusunu qazanıb. Buna görə də bir çox ölkələr Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə can atırlar. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu sonluqla başa çatması ölkəmizin əməkdaşlığa önəm verməsinin təqdimatıdır.
Əldə olunan razılaşmalar, xüsusilə qonşu ölkələr, Mərkəzi və Cənub Şərqi Avropa ölkələri ilə əldə edilən razılaşmalar Azərbaycanın siyasi və iqtisadi nüfuzunun Avropada yüksək olmasının göstəricisidir. Bu, həm də Prezident İlham Əliyevin apardığı xarici iqtisadi siyasətin kifayət qədər uğurlu olması, etibar qazanması və bu siyasətin hər iki tərəf üçün iqtisadi fayda gətirməsi anlamına gəlməsi deməkdir. Bunun da nəticəsi olaraq, Azərbaycan dövləti və xalqımız bu imkanlardan daha çox faydalanacaqdır.
Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta məktəbin
əməkdaşı Aytən Əzimova