Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının keçirilməsi təkcə Azərbaycan üçün deyil, region və bütövlükdə dünya üçün mühüm əhəmiyyət kəsb edir. Enerji təhlükəsizliyinin milli təhlükəsizlik məsələsi baxımından xüsusi önəmini nəzərə alsaq, bu tədbir ölkəmiz üçün yeni imkanlar açacaq. İrimiqyaslı layihələrin təşəbbüskarı kimi çıxış edən Azərbaycan bu gün etibarlı tərəfdaş kimi seçilir, Avropanın və dünyanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Dünyda gedən siyasi proseslərə və maneələrə baxmayaraq Azərbaycan tərəfindən inadkarlıqla müdafiə olunan və böyük səylər hesabına həyata keçirilən enerji layihələri bu gün Avropanın diqqət mərkəzindədir.
Rumıniya Prezidenti Klaus Yohannisin Məşvərət Şurasının iclaslarında iştirak etməsi Cənub Qaz Dəhlizinin Avropa üçün strateji əhəmiyyətindən xəbər verir. Cənub Qaz Dəhlizi Avropa İttifaqı və üzv dövlətlərə etibarlı olmayan qaz təchizatından asılılığı kəskin şəkildə azaltmaq imkanı yaradır. Bu Dəhlizə artan maraq ölkəmizin enerji siyasətinin bütün dövlətlər arasında sülh və əməkdaşlıq prinsiplərinə xidmət etdiyini göstərir. Prezident Klaus Yohannis Məşvərət Şurasının iclaslarının açılışında ölkəmizin etibarlı tərəfdaş olduğunu bildirərək deyib: “Biz 2009-cu ildən etibarən Rumıniya və Azərbaycan arasında strateji tərəfdaşlığın faydasını bir yerdə gördük. Avropanın enerji suallarına cavablar həmrəyliyi, regional əməkdaşlığı, mənbələrin və nəql yollarının şaxələndirilməsini nəzərdə tutur. Çünki Cənub Qaz Dəhlizi kimi layihələri əhatə edən prinsiplər məhz bunlardan ibarətdir”.
Hazırda ciddi enerji böhranı yaşayan Avropa üçün ölkəmiz xilaskara çevrilib. “Köhnə qitə” bu böhranı aradan qaldırmaq üçün alternativ mənbələr axtarışındakı xüsusi fəallığı ilə seçilir. Belə bir vəziyyətdə də sadiq tərəfdaş Azərbaycan bu dövlətlər üçün ən optimal variantdır. Son illərdə Azərbaycanın liderliyi ilə reallaşdırılan layihələr sayəsində regionun və Avropanın enerji xəritəsi əhəmiyyətli dərəcədə yenilənib.
Avropa İttifaqı ilə əməkdaşlıq nətcəsində ölkəmiz regionda nəqliyyat dəhlizlərinin açılışı, enerji daşınması və iqtisadiyyatın inkişafı üzrə lider ölkəyə çevrilib. Bu isə öz növbəsində bölgədə sabitliyin davam etməsi baxımından mühüm əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizi ideyası da məhz Azərbaycanın iradəsi və liderliyi sayəsində reallığa çevrilməyə başlayıb.
Maştağa qəsəbəsi, 255 saylı tam orta məktəbin
İbtidai sinif müəllimi Ülviyyə Abdullayeva