Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mərasimdə iştirak ediblər.
Dövlətimizin başçısı mərasimdə çıxış etdi.
Keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum effektiv şəkildə icra edilir. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq rəqəmlər onu göstərir ki, biz inamla bu hədəfə doğru gedirik.2021-ci ildə Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir.
Bizim çox genişmiqyaslı başqa planlarımız var. Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Bizim tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın - Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi - uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Təsadüfi deyil ki, Avropa Komissiyası, onun yüksəkvəzifəli şəxsləri Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirirlər. Onu da bildirməliyəm ki, - bu sözləri əminəm ki, dostum Rumen də təsdiq edə bilər, - bizim Bolqarıstana qaz təchizatımız iki il bundan əvvəl başlamışdır. 2021-ci ildə 270 milyon kubmetr qaz təchiz edilmişdir. Keçən il 500 milyon kubmetrdən bir qədər çox. Bu il isə bu rəqəm 1 milyard kubmetrə yaxın olacaqdır.
Gələcək planlarımızdan biri də qaz təchizatının coğrafiyasını daha da genişləndirmək və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır. Bizim əsas hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır. 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanmışdır.
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Aynurə Yusifli