Yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Dövlətimizin başçısı açılış mərasimində çıxış edib.
Prezident İlham Əliyev iki ölkə arasında olan əlaqələri yüksək qiymətləndirərək Azərbaycanın həyata keçirdiyi enerji siyasəti haqqında geniş məlumat verdi. Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər strateji əhəmiyyətə malikdir. Ölkəmizin iqtisadi inkişafın əsas göstəricilərindən biri enerji sektorunda əldə edilən uğurlardır. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Artıq ölkəmiz bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi üçün çox mühüm konsepsiyalar həyata keçirməkdədir. Bu sahədə Azərbaycanda nəhəng potensial mövcuddur. Belə ki, ölkəmiz quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanlarına sahibdir.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev qeyd etdi ki, cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdir.
Prezident İlham Əliyev diqqətə çatdırdı ki, təbii qaz ixracımız artır – 2021-ci ildə 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. Artım davam edəcək. Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planlarımız təkcə Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil. Ölkə başçısı onu da bildirdi ki, quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Bu səbəbdən Azərbaycana kifayət qədər ixrac marşrutları lazımdır.
Ölkəmizin bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi kifayət qədər ixrac marşrutlarına da ehtiyac yaradır. İxrac marşrutlarının da yaradılması üçün paralel olaraq tədbirlər həyata keçirilir. Belə ki, 2022-ci ilin 17 dekabr tarixində Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya tərəfindən Avropa Komissiyası Prezidentinin şahidliyi ilə Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzalanmışdır. Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq.
Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Xəyalə Ağayeva