Müstəqilliyimizin ilk illərində ölkədə yaradılan generasiya gücləri hesabına bu gün Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin energetika sahəsinə ayırdığı diqqət və qayğının nəticəsində son illərdə ölkəmizdə onlarla yeni-yeni elektrik stansiyaları və yarımstansiyalar tikilərək istifadəyə verilib. Respublikamızın elektrik enerjisinə olan tələbatı tam şəkildə ödənilib. İndi respublikamız qonşu ölkələrə elektrik enerjisi ixrac etməkdədir.
Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi olub.
Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır.
Stansiyasının rəsmi açılış mərasimi zamanı çıxış edən Ölkə başçısı demişdir: “Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir. Son 30 il ərzində bizim çoxmilyardlı investisiya portfoliomuz olub. Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür. Hazırda bizim iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir. Lakin, eyni zamanda, biz başa düşürük ki, bizim neft və qazımıza hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq. Bu məqsədlə çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib və indi biz neft və qazı müxtəlif istiqamətlərə ixrac edirik. Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır.
Bakıxanov qəsəbəsi, 107 saylı tam orta məktəbin
kitabxana müdiri Nübar Əliyeva