Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik stansiyasının rəsmi açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu mərasimdə iştirak edib. İlk öncə burada Qaradağ Günəş Elektrik Stansiyasında görülən işlərlə bağlı videoçarx nümayiş etdirilib. Bildiyimiz kimi Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında yerləşən ən böyük günəş elektrik stansiyasıdır. Bu stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Bu stansiya ölkəmizə xarici investisiya cəlb edilərək reallaşdırılan geniş miqyaslı ilk günəş elektrik stansiyasıdır. Cənab prezident İlham Əliyev çıxışında uzun illər Abşeron yarımadasının boş qalan hissələrinin artıq yaşıl enerji mənbəyi olduğunu qeyd etmiş və bununla qürur duyduğunu söyləmişdir. Həmçinin Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri ilə olan əməkdaşlığımıza öz münasibətini bildirmişdir. Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında olan münasibətlərin daha dərindən inkişaf edəcəyini, layihələrin artacağını həmçinin bu əməkdaşlığın iki dövlət arasında yaradılan qardaşlıq əlaqələrinin bariz nümunəsi olduğunu qeyd etmişdir. Bunu bildirək ki , Masdar şirkəti yaradılan enerjiyə böyük həcmdə investisiya yatırmağı qərara alıb. Prezident çıxışı zamanı söyləyib ki, hər iki dövlət mərhələli şəkildə 10 qiqavata qədər enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırır. Bu əməkdaşlıq təkcə Azərbaycanın inkişafına yox həmçinin iqlim dəyişikliyi ilə bağlı məsələlərə böyük töhfədir. Son illər ərzində ölkəmizdə çoxmilyardlı investisiya portfeli yaradılıb. Bu Azərbaycanın xarici investisiyalar üçün açıq bir ölkə olduğunu sübut edir. Bizim neftimiz uzun illər beynəlxalq bazarda ən yüksək tələbata malik olacaq. Son illər ərzində daxili məhsullar dörd dəfə artıb. Unutmayaq ki, neft və qazın ixracından gələn bütün gəlirlər ədalətli bir bölgü üzərindən paylanılır. Ölkəmizin qarşısında duran əsas məqsədlərdən biri enerji şəbəkələrinin daha da gücləndirilməsidir. Azərbaycan Respublikasında artıq hidroenerji potensialımız yüksək şəkildə inkişaf edir . Buna Qarabağ və Şərqi Zəngəzur ərazilərində aparılan işləri nümunə göstərə bilərik. Həmçinin artıq bu ərazilər yaşıl enerji zonası olaraqda tanınır. Son zamanların ən önəmli dəyişikliyi Avropa ölkələrinin Azərbaycan qazına olan yüksək ehtiyacıdır.
Ölkəmizdə Xəzər dənizindən Avropaya qədər uzanan 3500 kilometrlik qaz boru kəməri artıq istismara verilib. Keçirilən tədbir zamanı bir sıra müqavilələr imzalanmışdır. Müqavilələr Azərbaycan Respublikası ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında imzalanmışdır. Bunlar Neftçala rayonu Bankə qəsəbəsində Günəş Elektrik stansiyası layihəsi, Biləsuvar rayonunda Günəş Elektrik stansiyası layihəsi və Abşeron – Qaradağ rayonunda külək enerjisi layihəsi ilə bağlı olan İnvestisiya müqavilələridir.
Bütün bu məqamlar ölkəmizin inkişafına yüksək təkan vermək üçündür.Azərbaycan Respublikasının bir çox hədəfi vardır. Bunlara nail olmaq üçün birgə əməkdaşlıq mütləqdir.
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
Texnologiya müəllimi Aida Hüseynova