Heç kimə sirr deyil ki, Azərbaycan respublikası son onilliklərdə sosial-iqtisadi və siyasi sahədə saysız-hesabsız uğurlara imza atmışdır ki, bu da Prezident İlham Əliyevin səylərinin nəticəsidir. Demək olar ki, hər həftə Azərbaycanda hansısa bir iri iqtisadi müəssisə fəaliyyətə başlayır və ya əsası qoyulur. Bunun mütərəqqi cəhətlərindən biri də bu iqtisadi lahiyələrə xarici kapitalın cəlb olunmasıdır. Bu cür iqtisadi lahiyələr təkcə iqtisadi inkşafı təmin etmir, həm də ölkələr arası əlaqələri daha da genişləndirir. 2023-ci il 26 oktyabrda Qaradağ Günəş Elektrik Stansiyasının açılması da belə uğurlu addımlardan sayılır. Prezident İlham Əliyevin açılışda iştirakı və söylədiyi nitq diqqətə səbəb oldu və geniş müzakirə obyektinə çevrildi. Açılışdakı qonaqlar arasında Birləşmiş Ərəb Əmirlikləri hökumətinin üç nazirinin yer aldığını vurğulayan Azərbaycan Prezidenti bunun tərəfdaşlığın və dostluğun yaxşı nümunəsi olduğunu, eləcə də hər iki ölkənin bugünkü mərasimə böyük əhəmiyyət verdiyini nümayiş etdirdiyini bildirib.
Prezident İlham Əliyev deyib: “Ötən ilin martında biz günəş elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edirdik. İndicə göstərilən video həmin tariximizin əlamətdar anını nümayiş etdirdi. Əminəm ki, bu, böyük bir yolun, iki qardaş ölkənin böyük yolunun başlanğıcıdır. Bu gün biz nisbətən qısa zamanda - təxminən ilyarımdan bir qədər çox müddət ərzində Abşeron yarımadasının bu boş hissəsinin yaşıl enerji mənbəyinə çevrildiyini görəndə çox qürur duyuruq. Bu, əlamətdar nailiyyətdir. Mən Azərbaycanın inkişafına verdiyi bu möhtəşəm töhfəyə, həmçinin yaşıl enerjiyə keçidlə bağlı ölkəmizə sadiqliyinə görə “Masdar”ı, onun rəhbərliyini təbrik etmək istərdim”.
Həmçinin pezident İlham Əliyev çıxışında bir növ 20 illik iqtisadi hesabat verib. Burada deyilir ki, Azərbaycandakı investisiya mühitinə gəldikdə, mən artıq qeyd etdim ki, ölkəmizin iqtisadiyyatı çox sabitdir. Son 20 il ərzində bizim ümumi daxili məhsulumuz dörd dəfədən çox artıb. Beləliklə, bu onu göstərir ki, neft və qaz ixracından daxil olan gəlirlərin ədalətli paylanılması tamamilə yeni reallığı yaradır. Növbəti illərdə biz qısa müddət ərzində milli enerji şəbəkəmizin gücləndirilməsini təmin edəcək dövlət proqramını icra etməyi planlaşdırırıq. Bu, çox zəruridir. Çünki mən bizim yalnız “Masdar” şirkəti ilə icra etməyi planlaşdırdığımız layihələri qeyd etdim. Bir çox digər investisiya təklifləri var və onların bəziləri artıq icra mərhələsindədir. Biz əlbəttə ki, milli enerji şəbəkəsini gücləndirməliyik və qeyd etdiyim kimi, dövlət proqramı icra olunur. Biz hər şeyi vaxtında edəcəyik. Biz artıq maliyyə resursları ayırmışıq ki, bərpaolunan enerji mənbələrini istehsal edən investorlarımız özlərini tamamilə rahat hiss etsinlər.
Eyni zamanda, qeyd etmək lazımdır ki, bizim bərpaolunan enerji gündəliyimiz təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda biz üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Biz artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarını istismara vermişik və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır. Ümumiyyətlə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub. Bizim təbii sərvətlərimizin istifadəsi üçün böyük potensial var və aydındır ki, külək də artıq bu sərvətə çevrilib. Çünki külək həmişə, xüsusilə də təyyarə ilə enəndə bəzən müəyyən problemlərin mənbəyi olub. Lakin indi külək təbii sərvətdir. Biz əsas daşıma infrastrukturunu, Xəzər dənizindəki yataqlardan Avropaya qədər uzanan 3500 kilometrlik qaz boru kəmərini vaxtında istismara vermişik. Bu da daha geniş regionun enerji təhlükəsizliyinə daha bir töhfə olacaq. Planlarımız enerji dəhlizini, Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşlarımızla fəal işləməkdən ibarətdir. Ötən ilin dekabrında müvafiq müqavilə imzalanıb. Biz artıq fəaliyyətimizə başlamışıq, rəhbər komitə bir neçə dəfə toplanıb. Bir neçə aydan sonra bizim yeni enerji təhlükəsizliyi layihəsinin - Yaşıl Enerji Dəhlizinin, inteqrasiya edilmiş ötürücü, istehsal və istehlak müəssisələrinin, o cümlədən Qara dənizin dibindən keçəcək elektrik kabelinin tam texniki-iqtisadi əsaslandırması hazır olacaq. Hazırda 4 qiqavat gücündə bərpa olunan enerji mənbələri üçün texniki-iqtisadi əsaslandırma hazırlanır. Bunlar bizim planlarımızdır və müstəqillik tariximiz bizim təkcə enerji sahəsində deyil, bütün sahələrdə planlarımızın gerçəkləşdiyini göstərir. Çünki bizim siyasi iradəmiz var, bizim cəmiyyətdə birlik var. Bizim Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Ərəb Əmirliklərindən olan şirkətlər kimi möhtəşəm tərəfdaşlarımız var.
Həmişə olduğu kimi Prezident İlham Əliyevin bu çıxışı, burada söylədikləri, iqtisadi mesajları Aərbaycan əhalisi tərəfindən böyük rəğbətlə qarşılanıb və birmənalı şəkildə dəstəklənib.
Zabrat qəsəbəsi, 75 saylı tam orta məktəbin
tarix müəllimi Asif Hüseynov