Azərbaycanın coğrafiyasında, tarixində özünəməxsus rolu ilə seçilən Qarabağ və ətraf rayonları hər zaman kənar qüvvələrin diqqət mərkəzində olmuşdur. Belə ki, bu gözəl ərazilərdən biri də bir çox dahi şəxsiyyətlərin vətəni olmuş, tarixi-dini abidələrlə zəngin olan Füzuli rayonudur. Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Bu rayon İran ilə və həmçinin bir çox Azərbaycan rayonlarından Cəbrayıl, Xocavənd, Beyləqan, Ağcabədi ilə həmsərhəd olub, mühüm strateji mövqeyə malikdir. Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Ərazidən axan çaylar əsasən Araz hövzəsinin çaylarıdır. 1930-cu ildə rayon Qaryagin adı ilə təşkil olunmuş və 1959-cu ilə qədər belə adlandırılmışdır. 1959-cu ildə isə dahi Azərbaycan şairi Füzulinin 400 illiyi şərəfinə Qaryagin adı Füzuli adı ilə əvəz olunmuşdur. Füzuli rayonu Azərbaycanın mədəni tarixi irsində xüsusi ilə seçilən rayonlardan biri olmuşdur. Burada bir çox abidələr və türbələr tikilmişdir. Bu türbələrə Şeyx Babi Yaqub türbəsini, Mirəli türbəsini, Cəlil türbəsini və s. misal göstərmək olar. Füzuli işğal olunandan sonra bir çox önəmli abidələr, tarixi nümunələr erməni vandalları tərəfindən dağıdılmışdır. Qarabağımızın digər rayonları kimi Füzuli də ermənilərin işğalına məruz qalmışdır. Füzuli şəhəri və rayonu 23 avqust 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
Ulu Öndər Heydər Əliyevin əmri ilə 5 yanvar 1994-cü ildə Azərbaycan silahlı qüvvələrinin hücumu nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi düçmən işğalından azad edilmişdir. Bu qələbə xalqın gələcəyə olan ümidlərini yenidən dirçəltmiş, xalqın ayağa qalxmasına səbəb oldu. Azad olunmuş kəndlərdən biri də Horadiz idi. Burada yeni qəsəbə olan Qayıdış qəsəbəsinin əsası qoyulmuş və məcburi köçkün olan əhali öz doğma yurdlarına yenidən köçürülmüşdür.
1993-cü ildə işğal altına düşmüş Füzuli rayonunda 30 il ərzində düşmən tərəfindən möhkəm istehkamlar qurulmuşdu. Bir çox hərbi mütəxəssislər təkcə Füzulini azad etməyə aylarla vaxt lazım olacağını deyirdilər. Lakin müzəffər ordumuz çətin keçilən yerlərdən belə rahatlıqla keçib böyük qələbə qazanmağa nail oldu. Bu bizim ordumuzun gücünün göstəricisi, həmçinin qələbəyə olan inamının təzahürü idi. Qarşıda sadəcə bir məqsəd var idi, o da Qələbə qazanmaq!
Füzuli rayonunun tam olaraq düşmən tapdağından azad olunması 27 sentyabr 2020-ci il tarixindən başlanmış, 44 günlük müharibənin ilk günlərindən başlayaraq Füzulinin kəndləri azad olunmuş və 17 oktyabr 2020-ci il tarixində Füzuli rayonu tam olaraq düşmənlərdən təmizlənmişdir. Bu böyük qələbə ilə bağlı olaraq Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı təsis olunmuş və Azərbaycan Respublikası Silahlı qüvvələrinin 25325 hərbi qulluqçusu bu medal ilə təltif olunmuşdur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Bu sərəncama əsasən 17 oktyabr tarixi Füzuli Şəhəri günü kimi müəyyən olunmuşdur.
Füzuli işğaldan azad olunduqdan sonra buraya olan səfərlərdə ermənilər tərəfindən törədilən vandalizm aktları dünyaya çatdırılmış, mülki əhaliyə, infrastruktur obyektlərinə, sahibkarlıq obyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün müəyyən tədbirlər görülməyə başlanılmışdır.Rayon işğaldan azad olunduqdan sonra buranın yenidən qurulması üçün müəyyən işlər həyata keçirildi. 16.11.2020 tarixindən başlayaraq Füzuliyə Ali Baş Komandanın səfərləri keçirilməyə başlanıldı. Və bu səfərlərin hər birində Füzuli şəhərinin yeni inkişaf dövrü planlarından bir neçəsi həyata keçirilirdi. Bunlara misal olaraq cəmi 8 ay ərzində 26.10.2021 tarixində “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi keçirildiyini söyləmək olar. Beləliklə Ulu Öndər Heydər Əliyev tərəfindən başlanmış Böyük Qayıdış Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti ilə davam etdirilərək, Qarabağ və ətraf ərazilərdə həyatın yenidən canlanmasına, əhalinin öz yurdlarına qayıtmasına böyük töhfə vermişdir.
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Pikəxanım Vəliyeva