Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir

Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 8 oktyabr 2023-cü ildə Gürcüstanda rəsmi səfərdə olub. Cənab prezident İlham Əliyev çıxışı zamanı Azərbaycan-Gürcüstan münasibətlərinə də toxunmuşdur.
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin noyabrın 8-də qurulmuşdur. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib. Azərbaycan ilə Gürcüstan arasında müstəqillikdən sonra yaranan münasibətləri iki mərhələyə bölmək olar. Birinci mərhələ 1991-ci ildən 1993-cü ilə qədər olan müddəti əhatə edir. Zviad Qamsaxurdiya dövründə yaranan gürcü millətçiliyi yerli azərbaycanlılara qarşı çevrildi. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin və Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi Cənubi Qafqazda iki xalq arasında ziddiyyətlərin aradan qalxmasına kömək etdi.
Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. 1998-ci il sentyabrın 7-8-də keçirilmiş Tarixi Böyük İpək yolunun bərpası üzrə Beynəlxalq Konfrans keçirildi, 1998-ci il oktyabrın 7-də Azərbaycanın Gürcüstanla sərhədində yeni körpünün açılışı oldu, 1999-cu il aprelin 17-də isə Bakı- Supsa neft kəməri işə salındı. Ötən dövrdə hər iki ölkənin həyatında tarixi əhəmiyyətə malik olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi sahəsində intensiv işlər aparılıb. Nəhayət, 2005-ci il mayın 24-25-də neft kəmərinin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsinin istifadəyə verilməsi mərasimi keçirilib.
İki ölkə arasında iqtisadiyyatın digər sahələri ilə yanaşı aqrar-sənaye kompleksi istiqamətində də əməkdaşlıq əlaqələri inkişaf edir. 2011-ci ildə Gürcüstandan ölkəmizə 12754,9 min ABŞ dolları dəyərində bar gətirən ağaclar, kolluqlar, peyvənd edilmiş və edilməmiş tinglər, heyvan və bitki mənşəli piylər və yağlar, mandarin və digər sitrus meyvə məhsulları, kartof, tərəvəz bitkilərinin toxumu, ədviyyatlar və digər kənd təsərrüfatı məhsulları idxal edilmişdir. Ölkəmizdən Gürcüstana isə 17346,4 min ABŞ dolları dəyərində faraş meyvə-tərəvəz, bitki yağları, meyvə-tərəvəz konservləri, şəkər tozu, çay və digər aqrar istehsal məhsulları ixrac olunmuşdur. Azərbaycan Respublikası ilə Gürcüstan arasında aqrar elmi-tədqiqat sahəsində əməkdaşlıq əlaqələri mövcuddur. Belə ki, Azərbaycan Elmi-Tədqiqat Əkinçilik Institutu ilə Gürcüstan Elmi-Tədqiqat Bitki Mühafizəsi İnstitutu arasında Quraq Bölgələrdə Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzinin (İCARDA) maliyyə dəstəyi ilə taxıl əkinlərində xəstəliklərin arealının müəyyənləşdirilməsi üzrə vaxtaşırı birgə ekspedisiyalar keçirilir. Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun Gürcüstanın müvafiq elmi-tədqiqat institutu ilə əməkdaşlıq əlaqəsi davam etdirilir. İki ölkə arasında mütəmadi olaraq aqrar elmi tədqiqatların nəticələri barədə infоrmasiya mübadiləsi aparılır.
Azərbaycan, həmçinin Gürcüstana ən çox investisiya yatıran ölkələr sırasındadır. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) timsalında dövlətimiz Gürcüstana 1.5 milyard ABŞ dollarından çox sərmayə yatırmışdır. Əlavə olaraq, SOCAR Gürcüstanın ən böyük vergiödəyicilərindən biri hesab olunur. Şirkət şimal-qərb qonşumuzun sosial sahə üzrə layihələrinə təkcə 100 milyon ABŞ dolları dəyərində yatırımlar etmişdir. Bu addımlar iki ölkə arasındakı strateji əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə şərait yaratmışdır. Prezident İlham Əliyevin 2022-ci ildə Gürcüstana səfəri zamanı söylədiyi fikirlər bunu bir daha təsdiqləmişdir: "Əlbəttə ki, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir. Əlbəttə, biz bu gün gələcək enerji siyasətimizlə bağlı geniş fikir mübadiləsi apardıq. Baş nazir də qeyd etdiyi kimi, həyata keçirilmiş layihələr artıq uğurla fəaliyyətdədir. Biz yeni layihələr haqqında düşünürük. Biz dünya bazarlarına qaz ixracatını artırmaq fikrindəyik".
Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər bir sıra siyasi məsələlərdə də özünü göstərir. Məlumdur ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın öz ərazi bütövlüyünü məhz hərbi gücünün hesabına bərpa etdiyi dövrdə bir sıra dövlətlər ölkəmizə dəstəyini nümayiş etdirmişdir. Belə ki, İkinci Qarabağ müharibəsi zamanı Gürcüstanın Azərbaycanın yanında olması, xain Ermənistana silah daşınmasında tranzit ölkə olmaqdan imtina etməsi Gürcüstanın qonşuluq vəzifəsini yüksək səviyyədə icrasından xəbər verir. Sentyabrın 27-dən başlayan hərbi əməliyyatlarda Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini rəsmi şəkildə bəyan etmişdir.
İki ölkə arasında təhsil sahəsində də mühüm irəliləyişlər mövcuddur. Bu istiqamətdə imzalanan sazişlər ölkələrdəki intellektual səviyyənin tərəqqisinə də mühüm töhfə vermişdir. Bundan başqa, 2022-ci il fevralın 21-də Azərbaycanın və Gürüstanın Elm və Təhsil Nazirliyi arasında imzalanmış əməkdaşlıq haqqında saziş də münasibətləri yeni mərhələyə yüksəltmişdir. İnaniriq ki, bundan sonrakı illərdə də Azərbaycan-Gürcüstan münasibətləri inkişaf edəcək və əməkdaşlığımız daimi olacaqdır.

Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Ceyhun Sadizadə



Oxşar xəbərlər