Atalarımız yaxşı deyib: dost min isə - azdır, düşmən bir isə - çoxdur. Bəli, günü-gündən hərtərəfli inkişaf edən, çiçəklənən dövlətimizdən yağı düşmən gözünü çəkmək istəmir və öz çirkin həmlələrini hələdə həyata keçirməyə davam edirlər. Onlar məqsədlərinə nail ola bilməsələr belə, bu acı tarixi bizlərə bir daha yaşatdılar..
19 sentyabr 2023-cü ildə, səhər saatlarında Qarabağda Azərbaycan silahlı qüvvləri və erməni silahlı birləşmələri arasında silahlı toqquşma başladı. Erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində 6 Azərbaycan vətəndaşı bu terrorun qurbanı olmuşdur. İkinci Qarabağ müharibəsindən sonra ermənilər məqsədyönlü şəkildə terror aktları həyata keçirməyə çalışmış və özlərinin istehsal etdikləri minaları qanunsuz şəkildə Azərbaycanın Qarabağ bölgəsinə gətirmiş və müxtəlif yerlərdə basdırmışlar. Laçın sərhəd-buraxılış məntəqəsi fəaliyyətə başladıqdan sonra isə onlar Azərbaycan ərazisinə heçbir silah-sursat, mina və s. keçirə bilməyiblər.
Ermənilərin bu cür çirkin təxribatları davam etsə də, ordumuz hər zamankı kimi bu dəfə də düşmənin layiqincə cəzalandırmağa müvəffəq oldu. Lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Antiterror tədbirləri nəticəsində bizim ordumuz, hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət göstərmişlər. Düşmən çox planlı hərəkət etmiş və öz mövqelərini təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, ordumuz peşəkarlıq, qəhrəmanlıq göstərmiş və qısa zamanda əhəmiyyətli hərbi uğurlar əldə etmişdir. Təəssüf hissi ilə qeyd etməliyik ki, baş verən antiterror əməliyyatı zamanı hərbçilərimiz böyük qəhrəmanlıq nümayiş etdirsələr də, ağır itkilərimiz də vardır. Onlarla igid oğullarımız Vətən yolunda, Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda etmiş və ən uca zirvə olan, şəhidlik zirvəsinə ucalmışlar. Allahdan onlara rəhmət diləyirik...
Cəmi bir gün davam edən döyüş nəticəsində düşmən tərəf cəhdlərinin uğursuz olduğunu anladı və şərtlərimizi qəbul etməyə hazır oldular. Bu məqsədlə, birbaşa dialoq üçün Qarabağda yaşayan erməni icmasının nümayəndələri Yevlax şəhərində görüşməyə razılıq verdilər.
Artıq qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prossesi başlanılmışdır. Hətta onlar şərtlərimizi qəbul edərək silahların da təhvil verilməsinə başlamışlar. Azərbaycanın bütün addımları hüquqi, ədalətli və humanistdir. Belə ki, dövlət olaraq hər zaman Qarabağın erməni əhalisini öz vətəndaşlarımız saymışıq. Ancaq, müharibə cinayətkarları insanları girov götürmüş, onların beyinlərini zəhərləyərək öz tərəfinə çəkmişlər. Bütün bunlara baxmayaraq, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək.
Artıq bir dövlət, millət olaraq qəbul etmişik ki, Azərbaycanın müstəqilliyi, suverenliyi, inkişafı və uğurlarına xor baxanlar, sərvətlərlə zəngin olan torpaqlarımıza göz dikənlər hər zaman olub və olacaqda. Nəaliyyətlərimizi həzm edə bilməyənlər artıq birmənalı olaraq anlamalıdırlar ki, nə qədər ki bu dövlətin qəhrəman, mərd oğulları, ordusu var biz hər zaman zirvələrdə olacaq və uğurlarımız, qalibiyyətlərimiz ilə qürurlanacağıq. Artıq bütün dünya bilsin ki, QARABAĞ AZƏRBAYCANDIR!
Balaxanı qəsəbəsi, 4 nömrəli tam orta məktəbin
informatika müəllimi Qönçə Rəhmətzadə