Hikmət Hacıyev: ""Boz zona" statusunu saxlamaq Azərbaycanın təhlükəsizliyinə birbaşa meydan oxumaqdır"

Hikmət Hacıyev: Azərbaycanın niyyəti Qarabağın erməni sakinlərini girov olduqları xunta və marionet rejimdən azad etməkdir.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Al Jazeera” telekanalına müsahibəsində söyləyib.

“Azərbaycanın məqsədi hərbi infrastrukturun tərksilah edilməsi, eləcə də Azərbaycan ərazilərində yaradılmış qeyri-qanuni siyasi sistemin ləğv edilməsidir. Bu, Qarabağ ermənilərinin Azərbaycanın siyasi, iqtisadi və sosial həyatına sülh yolu ilə reinteqrasiyasına daha çox imkan verəcəkdir”, - Hacıyev bildirib.

Azərbaycan Prezidentinin köməkçisi təəssüflə qeyd edib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata baxmayaraq, erməni qüvvələri ölkənin suveren ərazilərində qalmaqda davam edir: “Onlar Azərbaycanın təhlükəsizliyinə birbaşa meydan oxumaqda davam edirlər. Azərbaycan birbaşa dialoq aparmaq üçün Qarabağ ermənilərinin nümayəndəsini Bakıya və digər bölgələrə dəvət edib. Lakin onlar “boz zona” statusunu saxlamaqda davam edirlər ki, bu da Azərbaycanın təhlükəsizliyinə birbaşa meydan oxumaqdır”.

O həmçinin qeyd edib ki, erməni qüvvələri Azərbaycan ərazisinə də milyonlarla mina qoyub və minalamaqla dinc əhaliyə qarşı təxribat törətməkdə davam edir.

Belə bir təxribat nəticəsində mülki şəxslər və polis əməkdaşları da daxil olmaqla altı nəfər həlak olub. Bununla əlaqədar olaraq, Azərbaycan Qarabağ bölgəsində qanunsuz hərbi strukturların zərərsizləşdirilməsi üçün lokal xarakterli antiterror tədbirlərinə başlayıb.

Onun sözlərinə görə, Azərbaycan əhalisinin təhlükəsizliyinin təmin edilməsi məsələsi də var.

“Azərbaycan heç bir halda mülki əhalini hədəfə almır.Yüksəkdəqiqlikli silahlardan istifadə etməklə həyata keçirilən tədbirlər çərçivəsində erməni qüvvələrinin birləşmələrinin mövqeləri, onların uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi obyektləri sıradan çıxarılıb”.

Hacıyev vurğulayıb ki, terrorçular Qarabağda dinc əhalidən qalxan kimi istifadə edir və mülki obyektlərin yanında bilərəkdən hərbi obyektlər quraşdırırlar.

“Buna görə də biz yerlərdəki mülki əhalini hərbi obyektlərdən uzaq durmağa və erməni qüvvələrinin birləşmələrinə dəstək verməməyə çağırdıq”, - o əlavə edib.

Oxşar xəbərlər